Yeni il bayramı münasibətilə hər kəs hazırlıq görür.
Yeni il demək olar, bütün ölkələrdə böyük təntənə ilə qarşılanır. Ancaq Azərbaycanda bu bayramın ən böyük özəlliyi böyük stol açılması və süfrənin bir-birindən ləziz milli təamlarla bəzənilməsidir.
Bəs bayramda necə qidalanmalıyıq ki, sağlamlığımıza zərər dəyməsin?
Məşhur dietoloq Ləman Süleymanova Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı bütün bayramları xüsusi qeyd etməyi sevir: “Bayramı kimisi evdə, kimisi də evdənkənar ailəsi ilə birlikdə qeyd edir. Əgər bayramı ev şəraitində hazırlanmış ləziz yeməklərlə keçiririksə süfrədə hər şey, yəni yağlı qida, salat, meyvə, qazlı içkilər olur. Bəziləri bunu şişirdilmiş şəkildə edir. Amma süfrə mədəniyyəti deyilən bir termin var və hər zaman öndə olmalıdır. Süfrədə barmaq basacaq yer olduqda, sözün əsl mənasında ağzımızı büzürük. İstəyirik ki, masa dolsun. Bəs mədəmizin dolmağı bizə necə təsir edir?”.
“Süfrə mədəniyyəti o deməkdir ki, insan masa arxasında əyləşərkən artıq özünü sistemləşdirməlidir. İnsan masaya nəzər yetirdikdən sonra ard-arda hansı qidalarə yeyəcəyini sistemləşdirməlidir. İnsan masa arxasında özünü sistemləşdirməmiş əyləşərsə, beyninə siqnal ötürmür. Gözlər görür, beyin tələb edir və insan necə gəldi yeməyə başlayır”.
Dietoloq belə günlərdə özünün necə sağlam qidalandığından danışıb: “Mən süfrə mədəniyyəti olan bir insan kimi masa arxasında əyləşəndə elə qidalanıram ki, həm yediyim qidalar rahat həzm olunsun, həm də beynim qidaların dadına baxdığım ilə razılaşsın. Birinci bir stəkan az limonlu su içirəm, sonra tərəvəz salatlarından başlayıram. Tərəvəzlər bitki lifləridir. Mən bunu yeyirəmsə, qida borumu, mədə-bağırsağımı təmizləyirəm. Ağır qidadan başlasam, digər qidaların həzmi ləngiyəcək. Tərəvəz salatından sonra nisbətən daha ağır, amma yüngül kalorili qida qəbul edirəm. Bu, manqal salatı, az moyonezli hər hansı salat ola bilər. Mədəni yeməyə hazırladığım üçün 5 dəqiqə sonra daha ağır yeməyə keçirəm. Yeməkdən yarım saat sonra masadan qalxıb yaşıl çayımı içir, gəzişir, fiziki aktiv oluram. Gəlib görürəm ki, tort var. Bir stəkan yaşıl və ya limonlu qara çayımla yüngül bir dilim tortumu yeyirəm. Tortu yedikdən sonra da fiziki aktiv oluram. Beləcə mən sağlam qidalanıram”.
Aytac Aslan
















