• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Mövsüm meyvələrinin qiymətləri niyə "ƏL YANDIRIR"? — AÇIQLAMA

İQTİSADİYYAT

17 Noyabr 2026 | 12:33 | Müəllif: Gülşən Şərif

Mövsüm meyvələrinin qiymətləri niyə "ƏL YANDIRIR"? — AÇIQLAMA

Payız mövsümü olmasına baxmayaraq, mövsüm meyvələrinin qiyməti hələ də bahadır. Bazarlarda nar, xurma, heyva, feyxoa, naringi kimi meyvələrin qiyməti ötən illə müqayisədə də xeyli artıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verib.  

O bildirib ki, mövsüm meyvələrinin yığım dövrü başlasa da, bazarda təklif gözlənilən səviyyədə deyil:

"Adətən mövsüm vaxtı məhsul bolluğu qiymətlərin aşağı düşməsinə səbəb olmalıdır. Lakin bu, yalnız istehsal həcmi kifayət qədər olduqda və məhsul istehsalçıdan istehlakçıya əlavə xərc və vasitəçilər olmadan çatdırıldıqda mümkündür. Ölkəmizdə nar, xurma, heyva, feyxoa və naringi kimi meyvələrin bahalaşmasına bir neçə amil təsir edə bilər. İlk növbədə, iqlim şəraitini və məhsuldarlıq məsələsini qeyd etmək lazımdır. Yaz və yay aylarında müşahidə olunan şaxta, dolu, quraqlıq, su çatışmazlığı və digər əlverişsiz hava hadisələri məhsulun həcminə və keyfiyyətinə təsir göstərir. Nəticədə, əvvəlki illərlə müqayisədə bazara daha az məhsul çıxarılırsa, mövsüm olmasına baxmayaraq, qiymətlər aşağı düşmür".

A. Nəsirli hesab edir ki, ikinci mühüm amil istehsal xərclərinin artmasıdır. Fermerlər gübrə, bitki mühafizə preparatları, yanacaq, suvarma, texnika və fəhlə əməyinə əvvəlkindən daha çox vəsait xərcləyirlər. 

"O cümlədən, bağların becərilməsi, məhsulun yığılması və qablaşdırılması da maya dəyərini artırır. Fermer bu xərcləri satış qiymətinə daxil etməyə çalışır. Nəticədə məhsul bol olsa belə, əvvəlki illərlə müqayisədə daha baha satıla bilər. Digər mühüm məsələ daşınma və vasitəçilik xərcləridir. Bölgələrdə fermerlərin öz bağlarından nisbətən ucuz qiymətə satdığı məhsul Bakının bazarlarına çatana qədər bir neçə satış mərhələsindən keçir. Nəqliyyat, yanacaq, topdansatış, bazar icarəsi və vasitəçilərin mənfəəti son qiymətə əlavə olunur. Noyabrın əvvəlində yayılan bazar araşdırmalarında da satıcılar meyvələrin bahalaşmasını əsasən yanacaq və logistika xərclərinin artması ilə əlaqələndiriblər. Fermerdən alınan qiymətlə pərakəndə satış qiyməti arasındakı fərq də diqqət çəkir", - deyə müsahibimiz qeyd edib.

Akif Nəsirli: Bağların becərilməsi, məhsulun yığılması və qablaşdırılması maya dəyərini artırır

Onun fikrincə, məhsulun ixraca yönəldilməsi də daxili bazarda qiymətlərə təsir edə bilər:

"Əgər xarici bazarda Azərbaycan meyvələrinə tələbat və təklif olunan qiymət daha yüksəkdirsə, istehsalçılar məhsulun müəyyən hissəsini ixrac etməyə üstünlük verirlər. Bu zaman daxili bazara çıxarılan məhsulun həcmi azalır və qiymətlərə yüksəldici təsir yaranır. Lakin bunu bütün meyvələr üzrə əsas səbəb hesab etmək olmaz. Bir başqa problem isə məhsulun saxlanılması və bazara çıxarılması ilə bağlı infrastrukturun yetərincə inkişaf etməməsidir. Müasir soyuducu anbarların və çeşidləmə-məntəqələrinin çatışmazlığı fermeri məhsulunu yığım dövründə tez satmağa məcbur edir. Bu vəziyyətdə bazarda məhsulun qiyməti ilə fermerin əldə etdiyi gəlir arasında ciddi fərq yarana bilir. Əsas problem mövsümi məhsulun istehsal olunmamasından daha çox, onun istehsalçıdan istehlakçıya hansı xərclərlə və hansı satış zənciri vasitəsilə çatdırılmasıdır". 

Akif Nəsirlinin sözlərinə görə, qiymətlərin sabitləşməsi üçün fermerlərin birbaşa satış imkanları genişləndirilməli, kooperativlər inkişaf etdirilməli, soyuducu anbarların sayı artırılmalı və topdansatış bazarlarında şəffaf rəqabət təmin edilməlidir. Əks halda, məhsulun mövsümü gəlsə də, onun ucuzlaşması istehlakçıya hiss olunmayacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026