Bərdədə 200 minə yaxın əhaliyə xidmət göstərə biləcək müasir xəstəxana kompleksinin inşasına ehtiyac var.
Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə deputat Fatma Yıldırım Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və yaranan yeni geosiyasi reallıqlar ölkənin inkişafı üçün əlavə imkanlar yaradır. Onun sözlərinə görə, büdcə vəsaitlərinin səmərəli istifadəsi, iqtisadiyyatın şaxələndirilməsi, regionlarda infrastrukturun yenilənməsi və əhalinin rifahının yüksəldilməsi əsas prioritetlər sırasında olmalıdır.
Fatma Yıldırım dövlət büdcəsinə nəzarət və maliyyə şəffaflığının təmin olunması baxımından Hesablama Palatasının fəaliyyətinin əhəmiyyətini də vurğulayıb.
Daha sonra təmsil etdiyi Bərdə rayonunun problemlərini diqqətə çatdıran deputat orada əhalinin sayının 200 minə yaxın olduğunu və ətraf rayonlardan da tibb müəssisələrinə müraciətlərin çoxluğunu nəzərə alaraq yeni xəstəxana kompleksinin tikintisini vacib sayıb.
O bildirib ki, müasir tibbi avadanlıqlarla təchiz ediləcək və geniş müalicə imkanlarına malik xəstəxananın inşası sakinlərin keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətini azaldacaq. Deputat bu məsələnin müvafiq dövlət proqramlarında nəzərə alınması üçün aidiyyəti qurumlara müraciət edib.
Fatma Yıldırım Bərdədə ictimai nəqliyyat xidmətinin vəziyyətini də gündəmə gətirib. O qeyd edib ki, sərnişindaşımada istifadə olunan avtobusların bir qismi köhnədir və müasir texniki tələblərə cavab vermir. Deputat regionda ictimai nəqliyyat infrastrukturunun yenilənməsinə və müasir avtobusların istifadəyə verilməsinə ehtiyac olduğunu bildirib.
Zeynəb Rzayeva
















