• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

5 min tələbə yataqxana ilə təmin ediləcək - BU UNİVERSİTETDƏ 

CƏMİYYƏT

17 Noyabr 2026 | 11:35 | Müəllif: Günəş Mərd

5 min tələbə yataqxana ilə təmin ediləcək - BU UNİVERSİTETDƏ

2027-ci ildə işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsi və müasir infrastrukturun yaradılması dövlət büdcəsinin əsas prioritetlərindən olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, təqdim olunan büdcə layihəsi Azərbaycanın iqtisadi və siyasi kursunun, strateji hədəflərinin və gələcək inkişaf prioritetlərinin maliyyə təminatı baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, 2027-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin cari illə müqayisədə 7,9 faiz artırılması nəzərdə tutulur. Bu, şəhid ailələrinin, müharibə veteranlarının və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

T.Gəncəliyev müdafiə və təhlükəsizlik sahəsinə də toxunaraq bildirib ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması üçün 4 milyard manat vəsait nəzərdə tutulub.

Deputat qeyd edib ki, 2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün ümumilikdə 5,3 milyard manat ayrılması planlaşdırılır. Bu vəsaitin mühüm hissəsi işğaldan azad edilmiş ərazilərin bərpasına, şəhər və kəndlərin yenidən qurulmasına, infrastrukturun yaradılmasına, yaşayış evlərinin tikintisinə və tarixi-mədəni abidələrin bərpasına yönəldiləcək.

O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri müharibədən sonrakı inkişaf modelinin mühüm nümunəsidir. Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması deyil, həmin ərazilərdə dayanıqlı iqtisadiyyatın və müasir sosial infrastrukturun formalaşdırılması deməkdir.

T.Gəncəliyev Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetinin inkişafına da diqqət çəkib. Bildirib ki, 5 minə yaxın tələbənin yataqxana ilə təmin edilməsi nəzərdə tutulur.

Deputat təmsil etdiyi Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində aparılan bərpa-quruculuq işlərindən də danışıb. O, bu prosesin qarşıdakı dövrdə davam etdiriləcəyinə və sakinlərin doğma yurdlarında məskunlaşmasının diqqət mərkəzində saxlanılacağına ümid etdiyini bildirib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026