"Noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunacaq. Hazırda işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi davam edir və ən çox keçmiş məcburi köçkün Ağdam rayonunda yerləşdirilib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Deputat qeyd edib ki, ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, hazırda rayonda 8 300 nəfər yaşayır.
V.Bayramov xatırladıb ki, 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu Azərbaycana təhvil verilib. İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən şəhərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
"Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Həmin plana əsasən, Ağdamın azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevrilməsi nəzərdə tutulur. Şəhərdə 100 min nəfərin yaşaması planlaşdırılır".
Deputatın sözlərinə görə, yaradılan infrastruktur məskunlaşma prosesinin sürətlənməsinə zəmin yaradır. Növbəti aylarda, eləcə də 2027-ci ildə Ağdam da daxil olmaqla işğaldan azad edilmiş ərazilərdə kütləvi məskunlaşmanın davam edəcəyi gözlənilir.
Murad İsmayıl
















