• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Zaur Kamalın efirdəki biabırçılığına Audiovizual Şuradan REAKSİYA:  Pozuntu olmayıb...

CƏMİYYƏT

30 Iyun 2022 | 16:47

Zaur Kamalın efirdəki biabırçılığına Audiovizual Şuradan REAKSİYA:  Pozuntu olmayıb...

Xəbər verdiyimiz kimi, ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqal yaşanıb. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

Məsələ ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun Bakıvaxtı.az-a bildirdiyinə görə, hələ ki, bu məsələ araşdırılır: “Mən hələlik Şuranın mövqeyini bildirə bilmərəm. Çünki məsələ üzərində araşdırma gedir. Lakin onu deyə bilərəm ki, efirdə pozuntu aşkarlanmayıb”.

Onun sözlərinə görə, Şuranın Monitorinq qrupu araşdırma aparıb pozuntu aşkarlasa, Şura da öz mövqeyini bildirəcək.

“Zaur Kamalla bağlı şikayət ola bilər. Hamıdan şikayət gələ bilər. Hər şey qanunvericiliklə tənzimlənir. Qanunda redaksiya müstəqilliyi deyilən anlayış var. Belə olan halda, heç bir dövlət qurumu ora müdaxilə edə bilmir” deyən F.Novruzov qeyd edib ki, efirdə pozuntu olub-olmadığı araşdırılmalıdır. Müsahibimiz bildirib ki, sözügedən verilişdə söyüş, dava olmayıb, sadəcə qonaq efirdən uzaqlaşdırılıb: “Bunun da qanunvericiliyə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı araşdırma bitdikdən və pozuntu aşkarlandıqdan sonra Şura öz mövqeyini bildirəcək”.

Qeyd edək ki, "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişinin aparıcısı Zaur Kamal və cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında mübahisə yaranıb. Sənətçi aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" deyə cavab verib. Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam".

A.Azəri isə"Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar" deyərək, Z.Kamalın bəhs etdiyi söhbəti xatırlamadığını bildirib.

Bundan sonra Z.Kamal "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək, onu efirdən qovub.

Reklamlarda sonra isə aparıcı məsələ barədə açıqlama verib:

"Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azəri efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar".

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Mart 2024