ABŞ prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüşəcək. Məlumata görə, Tramp Zelenski ilə müharibənin başa çatdırılması yollarını müzakirə edəcək. Daha sonra onun Rusiya prezidenti Vladimir Putinlə danışması nəzərdə tutulur.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Əli Oruclu deyib ki, Ukrayna-Rusiya müharibəsi yeni fazaya qədəm qoyub.
Siyasi şərhçi bildirib ki, müharibənin ilk dönəmlərində Rusiyanın üstünlüyü açıq-aydın idisə, müharibəni təkcə Ukrayna yaşayırdısa, indi mənzərə dəyişib:
“Kiyevin Rusiyanın içərilərinə doğru gerçəkləşdirdiyi hava hücumları və strateji obyektlərin sıradan çıxarılması Kreml üçün möhkəm baş ağrısı yaradıb. Üstəlik, daxili iqtisadi və sosial böhran getdikcə dərinləşməkdədir. Yanacaq qıtlığı o həddə çatıb ki, artıq bunun satışına məhdudiyyətlər qoyulub. Belarus və Qazaxıstan kimi ölkələrdən yardım istənilib”.

Əli Oruclu: Bu müharibədən hamı yorulub: Ukrayna da, Rusiya da, Qərb də...
Müsahibimiz qeyd edib ki, artıq müharibəni Rusiya ictimaiyyəti də hər keçən gün ağır şəkildə hiss edir. Ona görə də Putin Ukrayna ilə bağlı avantürasından daha çox özünün xilası barədə düşünür. Payızda parlamentə seçkilər təyin olunduğunu xatırladan Ə.Oruclu bildirib ki, ölkə Putinin yürütdüyü daxili və xarici siyasətin ciddi təsirləri altında Dumanın yeni tərkibini formalaşdıracaq. Müharibənin bu cür tempi Kreml üçün əlverişsizdir.
Oruclu vurğulayıb ki, Tramp da hazırkı əlverişli fürsətdən istifadə etməyə çalışır:
“Lakin Zelenskiyə təzyiq altında, Qərbin maraqlarının əleyhinə olan kartlarla Rusiya ilə danışıqlara gedilməyəcək. Rusiyanın mövqeləri xeyli dərəcədə zəifləyib. Ağ Ev anlayır ki, NATO müttəfiqlərinin başı üzərindən Moskva ilə əlverişli sövdələşmə mümkün deyil. Trampın Putinlə saat yarımlıq telefon danışığın yəqin ki, mövcud reallıqlar Putinə izah olunub və kompromislərin vacibliyi anladılıb”. “Bir fakt da deyilməlidir ki, bu müharibədən hamı yorulub: Ukrayna da, Rusiya da, Qərb də. Odur ki, sülhə gedən yolda vacib şərt qarşılıqlı etimada nail olunmasıdır. Ən azından humanitar məsələlərdə razılığa gəlinməlidir ki, növbəti etapda atəşkəsə, sülhə münbit zəmin yaransın”, - deyə Əli Oruclu əlavə edib.
Aydın Baxış
Bakı 



