Məlum olduğu kimi, 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən formalaşan Ermənistanın yeni Milli Assambleyasının ilk iclası keçirilib. Avqustun 2-də keçirilən iclas qalmaqallarla, etirazlarla yadda qalıb.
Qeyd edək ki, ilk iclas bütün ermənilərin katolikosu II Qareginin iştirakı olmadan keçirilib. Bu isə müxalifət deputatları etirazına səbəb olub və onlar parlamentin Erməni Apostol Kilsəsinin Katolikosu II Qareginin xeyir-duası olmadan fəaliyyətə başlamasını təndiq ediblər.
Onu da bildirək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə II Qareginin vəzifəsini tərk etməli olduğunu bildirib, onu andını pozmaqda, xarici dairələrə işləməkdə itiham edib. Paşinyan kilsədə təcili islahatların aparılmasını və katolikosun seçilməsi qaydasına yenidən baxılmasını tələb edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Sahib Alıyev deyib ki, söhbət təkcə parlamentdən getmir, yeni qaydalara görə, Ermənistanda kilsə rəhbərliyi ümumiyyətlə dövlət tədbirlərində iştirak edə bilməz. Onun sözlərinə görə, bəzi ekspertlər deyirdilər ki, Ermənistan hökuməti ilə kilsə arasında qarşıdurma parlament seçkiləri ilə başa açatacaq:
“Amma mən bunun əksini söyləyirdim və deyirdim ki, bu, strateji bir məsələdir. Prosesin görünən tərəfindən Paşinyan-kilsə mübarizəsi var idi, görünməyən tərəfində isə iki böyük oyunçu var. Onlardan biri Qərb, digəri Rusiyadır. Ona görə də bu proses uzunmüddətli olacaq”.
Müsahibimiz hesab edir ki, Paşinyanın kilsə üzərində birmənalı qələbə qazanmasını söyləmək tezdir. Dediyinə görə, hazırda biz onu görürük ki, Ermənistanda müxalifət marginallaşdırılıb. Baxmayaraq ki, budəfəki parlamentin tərkibində müxaliflərin sayı keçən parlamentdən 5 nəfər çoxdur, amma bütövlükdə müxalifət daha zəif görünür:
“Çünki müxalifət arasında vahid birlik yoxdur. Həmin düşərgədə təmsil olunanların əksəriyyəti siyasətə yeni cəlb olunmuş, siyasi prosesləri dərindən bilməyən adamlardır. Geosiyasi oyunçular kilsə ilə müxalifəti birləşdirərək bir hibrid itaətsizlik siyasəti həyata keçirir”.
Sahib Alıyev: Budəfəki parlamentin tərkibində müxaliflərin sayı çox olsa da, bütövlükdə daha zəif görünür
Deputatın fikrincə, bu siyasət ondan ibarətdir ki, bir tərəfdən sosial şəbəkələr, media üzərindən hakimiyyətə psixoloji təzyiq göstərir:
“Kilsə də klassik metodlardan, yəni kütləvi etiraz aksiyalarından əl çəkərək yeni, nöqtəvi etirazlara üstünlük verir. Kilsə ayrı-ayrı hakimiyyət təmsilçilərini “həqiqi xristian” olmamaqda ittiham edir. Təbii ki, Paşinyan hökuməti də boş dayanmır və kilsəyə çox böyük zərbələr vurur. Kilsə vergilərdən tam azad idi. Amma indi kilsə ticarətlə bağlı vergilərə cəlb olunub. İanələr də ancaq dövlət bankları vasitəsi ilə həyata keçirilə bilər. İndiyədək Ermənistan hay kilsəsinin tarixi ayrıca, ölkənin tarixi ayrıca tədris olunurdu. Bu da birləşdirildi. Hökumət bununla kilsənin yeni nəsil üzərində təsirini azaltmağa, minimuma endirməyə çalışır. Kilsənin hərbi sahəyə müdaxiləsi sıfıra endirilir”.
Aydın Baxış
Bakı 



