Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığının və ya Rusiyada yaşamaq hüququnun verilməsi qadağan edilib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb.
Qanuna əsasən, əcnəbilərin hər hansı bir cinayətə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu varsa, onların vətəndaşlığa qəbulundan, eləcə də yaşamaq və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina ediləcək.
Mövcud normalara əsasən, əcnəbilərin qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda vətəndaşlığın verilməsindən imtina edilir. Yaşamaq və ya müvəqqəti yaşamaq üçün icazə isə bu halda yalnız ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olanlara verilmir. Yeni qanun istənilən cinayətə görə götürülməmiş və ya ödənilməmiş məhkumluq olduqda, vətəndaşlıq, yaşamaq və ya müvəqqəti yaşamaq üçün icazənin verilməməsini nəzərdə tutur. Əgər sənədlər artıq verilibsə, ödənilməmiş məhkumluq aşkar edildikdə onlar ləğv ediləcək.
Bununla yanaşı, sənəddə qeyd olunur ki, yeni normalar Rusiyada siyasi sığınacaq almış əcnəbilərə və ya qaçqınlara şamil edilməyəcək.
Qanun yaşamaq və ya müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə ərizə verərkən yeni tələbləri nəzərdə tutur. Belə ki, miqrantlar ya məhkumluğunun olmamasını təsdiq edən, ya da müraciət edənlərin məhkum olunduğu cinayətlər barədə məlumatı özündə əks etdirən kağız sənəd təqdim etməli olacaqlar.
Sənəd dərc olunduğu andan etibarən 180 gün sonra qüvvəyə minəcək./report
Bakı 



