• Bakı 28° C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Rusiyanın irəliləyişi dayandı: Ukrayna cəbhədə üstünlüyü ələ keçirir?

SİYASƏT

04 Avqust 2026 | 15:49

Rusiyanın irəliləyişi dayandı: Ukrayna cəbhədə üstünlüyü ələ keçirir?

Rusiya ordusunun Slovyansk istiqamətində irəliləmək cəhdləri uğursuz olub.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, Ukrayna ordusunun Ray-Oleksandrivka yaşayış məntəqəsi yaxınlığında həyata keçirdiyi uğurlu əks-hücum Rusiyanın bu istiqamətdə planlarını pozub.

Bununla yanaşı, Konstantinivka istiqamətində də Rusiya qüvvələrinin hücum cəhdləri nəticə verməyib. Ukrayna ordusu Xarkov vilayətində həm müdafiə, həm də əks-hücum əməliyyatlarını davam etdirir.

Eyni zamanda, Ukrayna Rusiyanın "Wildberries" və "Russ" şirkətlərinə məxsus anbarlara pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücum nəticəsində anbarların yerləşdiyi ərazidə yanğın baş verib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, Rusiyanın mühüm hərbi və logistik obyektlərinin hədəfə alınması Ukrayna üçün mühüm taktiki üstünlükdür.

Ekspert bildirib ki, Rusiyanın mühüm obyektlərinə endirilən zərbələr Ukrayna ordusunun imkanlarını və döyüş qabiliyyətini nümayiş etdirir.

"Rusiyanın əhəmiyyətli obyektlərinin sıradan çıxarılması Ukrayna üçün uğurlu əməliyyatlardır. Bu cür zərbələr qarşı tərəfin logistik imkanlarına və hərbi fəaliyyətinə ciddi təsir göstərir".

Politoloqun sözlərinə görə, Moskva müharibəni dayandırmaq istəmir, çünki uzun illər davam edən döyüşlərə baxmayaraq, həlledici nəticə əldə edə bilməyib.

"Özünü böyük dövlət, nüvə ölkəsi hesab edən Rusiya uzun illərdir davam edən müharibəyə böyük həcmdə silah-sursat və maliyyə sərf edib. Buna baxmayaraq, qalib gələ bilməməsini həzm edə və özünə sığışdıra bilmir. Məhz müharibəni dayandırmaq istəməməsinin əsas səbəblərindən biri də budur".

Fikrət Sadıqov, politoloq

F.Sadıqov qeyd edib ki, Ukrayna rəhbərliyi dəfələrlə atəşkəs təşəbbüsü ilə çıxış etsə də, Rusiya buna müsbət cavab verməyib.

"Prezident Volodimir Zelenski dəfələrlə bəyan edib ki, müharibə dayandırılmalıdır. Kiyev atəşkəsin elan olunmasını istəyir və bunun üçün təşəbbüslər göstərir. Zelenski ABŞ-yə son səfəri zamanı Donald Trampla görüşündə də heç olmasa ilkin mərhələdə atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb. Lakin Rusiya buna razılıq vermir və hesab edir ki, gələcəkdə atacağı addımlar nəticə verəcək".

Analitik Ukrayna prezidentinin "qışa qədər məsələni yekunlaşdırmalıyıq" bəyanatını da şərh edib.

"Zelenski bu məsələdə kifayət qədər nikbin görünür. Halbuki cəbhədəki vəziyyət bunun yaxın aylarda baş verəcəyini göstərmir. Üstəlik, Rusiya bunu təkzib etsə də, ölkədə yeni səfərbərlik elan olunması ehtimalı da qalır".

Ekspert hesab edir ki, Ukrayna cəmiyyətində müharibə yorğunluğu artıq hiss olunur.

"Məncə, bu tip bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb. Ukraynada müharibə yorğunluğu artır, əhalinin xeyli hissəsi xaricdə yaşayır. Kiyev atəşkəsin əldə olunmasında və danışıqların başlanmasında maraqlıdır".

Politoloq bildirib ki, proseslərin gələcək inkişafında Vaşinqtonun mövqeyi mühüm rol oynayacaq.

"Burada ABŞ-dən çox şey asılıdır. Ancaq Donald Trampın mövqeyi müəyyən mənada ziddiyyətlidir. O, bir tərəfdən Ukraynaya dəstək və yardım vəd edir, digər tərəfdən isə 'Patriot' sistemlərinin verilə bilməyəcəyini bildirir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR