Azərbaycanda sosial şəbəkə seqmentində kişilərin qadın obrazına girərək, başlarına yaylıq bağlayıb, qadın paltarları geyinərək yumoristik videoçarxlar hazırlaması kütləvi tendensiyaya çevrilib. Bu məsələ cəmiyyətdə tənqidlərə, sosial müzakirələrə yol açıb.
Düzdür, zamanında aktyorlar da bənzər rollar ifa ediblər. Amma görünür, narahatlığa səbəb olan bu halın kütləviləşməsi, tendensiya halını almasıdır. Ekspertlər hesab edirlər ki, bir tərəfdən yüzminlərlə baxış və “layk” toplayan bu kontentlər digər tərəfdən cəmiyyətin estetik zövqü, milli-mənəvi dəyərlər və yumorun səviyyəsi ilə bağlı ciddi suallar doğurur.

Nurəddin Mehdixanlı: Hər kəs özünü necə tanıyırsa, necə tanıdırsa, o şəkildə də hərəkət edir
Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru Nurəddin Mehdixanlı mövzuya dair Bakıvaxtı.az-a açıqlamasında deyib ki, hansısa pyesdə bir dramaturqun yazdığı əsərdə müəyyən obyektə, qız məktəbinə girməkdən ötrü qadın paltarlarından istifadə edilməsi halları olub.
Xalq artisti vurğulayıb ki, məsələn, rəhmətlik aktyorlarımız - Yaşar Nuri, Rəfael Dadaşov tamaşalarda bunu ediblər:
“Yəni müəyyən obyektlərə girmək üçün kişi aktyorlar qadın paltarları geyinərək ora daxil olublar. Amma bu, ayrı şeydir. Dramaturqun və rejissorun qoyduğu tapşırığa əsasən məsələnin bu şəkildə səhnə və yaxud kino həlli olur. O ki qaldı, qadın paltarları geyinib estrada nümunələri göstərənlərə, bunu da müəyyən məqamlarda başa düşmək olar. Ancaq qeyd edilən məsələ bütün yaradıcılığın əsasını təşkil edəndə bir az başqa cür görünür”.
Blogerlərin bu şəkildə çoxalmasına gəldikdə, müahibimiz qeyd edib ki, hər kəs özünə verdiyi dəyərdən irəli gələrək hərəkət edir, iş görür, fəaliyyət göstərir. Hər kəs özünü necə tanıyırsa, necə tanıdırsa, özünə necə dəyər verirsə, özünü daha rahat harada ifadə edirsə, o şəkildə də hərəkət edir:
“Lakin inanmıram ki, bu məsələnin qarşısını ictimai qınaqla almaq mümkün olsun. Çünki sosial şəbəkə artıq bütün nəzarətlərdən kənar müstəqil şəkildə fəaliyyət göstərir”.
Xalq artisiti bir məqama da diqqət çəkib:
“Məsələn, gözəl, zövqlü geyinmiş bir xanım küçədə gedir, yaxud hansısa məclisə, ziyafətə gəlib, teatr foyesində görünür və s. Hamı onun zövqünə, gözəlliyinə, geyiminə baxır, onun estetik dəyərlərə necə qiymət verdiyini qiymətləndirir və deyir ki, “afərin, nə gözəl, zövqlü qadındır”. Amma bir də var ki, küçədə gəzən bir qadının hər yeri ortalıqda, çöldədir. Əgər birinci qadına 50 nəfər baxırdısa, ikinci qadına, yəni hər şeyi ortalıqda olana 150 nəfər baxır. Amma birinci xanıma baxdıqda nələr düşünürlər, ikinciyə baxdıqda hansı düşüncədə olurlar? İkincisi heç zaman dəyər və zövq göstəricisi ola bilməz. Bu, fərdin özünün etik, estetik göstəricisidir. Məncə, məsələlərə bu şəkildə yanaşmaq lazımdır. Bəziləri azadlığı məsuliyyətsizlik, arzu və istəklərin sərhədsizliyi kimi anlayır. Amma yanlış fikirdədirlər. Azadlıq daha çox məsuliyyət, yaşadığı mühitə, cəmiyyətə münasibətdə daha düşünülmüş, etik və məsuliyyətli olmaq tələb edir”.
Novella Cəfəroğlu: Belə bir “dəbi” ona görə salıblar ki, kimsə Hollandiyaya getmək istəyir
Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da Bakıvaxtı.az-a bildirib ki, bizim milli dəyərlərimiz, ənənələrimiz var.
Ekspertin sözlərinə görə, əfsuslar olsun ki, bu dəyərləri get-gedə itiririk:
“Düzdür, insanların geyiminə, hərəkətlərinə müdaxilə etmək, qadağa qoymaq olmaz. Çünki bu, insan haqqlarının pozulmasıdır. Hətta parlamentdə bununla bağlı qanun qəbul edilib. Ancaq belə addımları da göz yummaq, yol vermək olmaz. Media bu məsələni daim gündəmə gətirməlidir. QHT-lər ailələrlə işləməlidir. Uşaqlara, yeniyetmələrə ciddi nəzarət olmalıdır. Məsələ ondadır ki, bloqerlər, sosial şəbəkələrdə video çəkib paylaşanlar asan yolla pul qazanmaq yolunu tuturlar. Buna ən çox elə kişilər özləri sərt reaksiya verməlidir. Özlərini yığışdırmalıdırlar, nə qədər olar axı?!”
Həmsöhbətimizin fikrincə, belə bir “dəbi” ona görə salıblar ki, kimsə Hollandiyaya getmək istəyir:
“Kimsə özü qəsdən həbs olunmasına şərait yaradır və sonra hay-küy salır ki, “qoymayın, məni haqsız yerə həbs ediblər”. Ona görə də milli dəyərlərimizi qorumalıyıq. Öz qürurumuzu, mənliyimizi, kişiliyimizi qorumalıyıq”.

Şirin Məmmədli: Psixoloji baxımdan məsələ kişinin qadın obrazını canlandırması deyil, o obrazın necə təqdim olunmasıdır
Məlum tendensiyanın yeniyetmə və gənclərə göstərdiyi psixoloji təsirlərdən Bakıvaxtı.az-a danışan klinik psixoloq Şirin Məmmədli qeyd edib ki, belə mövzularda ümumiləşdirmələrdən qaçmaq vacibdir. Onun sözlərinə görə, psixoloji baxımdan məsələ kişinin qadın obrazını canlandırması deyil, həmin obrazın necə təqdim olunması və tamaşaçı tərəfindən necə qəbul edilməsidir:
“Aktyorun və ya bloqerin fərqli obrazları canlandırması sənətin və yumorun təbii hissəsidir. Tarix boyu teatrda və kinoda da müxtəlif səbəblərlə aktyorlar qarşı cinsin obrazını canlandırıblar. Bu faktın özünün insan psixologiyasına mənfi təsir göstərdiyini söyləmək üçün elmi əsas yoxdur.
Psixoloji baxımdan daha vacib olan məzmundur. Əgər hazırlanan skeçlər yumor məqsədi daşıyır, heç bir qrupu alçaltmır, zorakılığı, nifrəti və ya təhlükəli davranışları təbliğ etmirsə, təkcə obrazın qarşı cinsə aid olması problem hesab edilmir”.
Ş.Məmmədli diqqətə çatdırıb ki, uşaqlar və yeniyetmələr isə gördüklərini daha çox təqlid etməyə meyllidirlər. Buna görə də onların izlədiyi məzmunun ümumi keyfiyyəti önəmlidir:
“Valideynlər diqqəti “kim hansı paltarı geyinib” sualına deyil, məzmunun hansı dəyərləri ötürdüyünə yönəltməlidirlər. Yumor təhqir, zorakılıq, aqressiya və ya insanların alçaldılması üzərində qurulursa, bu, uşaqlar üçün mənfi model ola bilər. Amma sadəcə komediya məqsədilə yaradılmış obrazın özü psixoloji risk kimi qiymətləndirilmir. Ümumiyyətlə, bir insanın baxdığı bir skeç və ya bir obraz onun şəxsiyyətini və ya cinsiyyət kimliyini müəyyən etmir. Uşağın və gəncin inkişafına daha çox təsir edən amillər ailə mühiti, valideynlə münasibət, məktəb, sosial çevrə və uzunmüddətli həyat təcrübələridir.
Ona görə də bu mövzuda əsas müzakirə obrazın hansı cinsə aid olması deyil, onun hansı mesajı verdiyi və tamaşaçıya hansı davranış modelini təqdim etməsi üzərində qurulmalıdır. Bu, psixoloji baxımdan daha doğru yanaşmadır”.
.jpeg)
Cavanşir Rafiqoğlu: Belə tənqidlərə çox da önəm vermirəm, özləri bilərlər, öz əsəb sistemlərinə ziyandır
Tanınmış bloqer, məzmun yaradıcısı və influenser Cavanşir Rafiqoğlu isə Bakıvaxtı.az-a deyib ki, cəmiyyətin ümumi tənqidi, şərhləri onun üçün dəyərlidir və əksər vaxtlarda bütün şərhləri oxumağa çalışır.
Amma bloqerin fikrincə, bir şərhin çox dəyərli olması hər zaman düzgün fikir kimi qəbul ediləcəyi anlımını daşımır:
“Qadın obrazları yaratdığıma görə məni tənqid edənlər var. Ancaq həmin tənqidlərə, yazılan şərhlərə nəzər salsaq, görərik ki, heç düzgün cümlə yaza bilmirlər, durğu işarələri yerində deyil. Bu da həmin şərhi yazan şəxslərin əksəriyyətinin savad və bilik baxımından çox aşağı səviyyədə olduğunu göstərir. Mən qadın obrazları yaradarkən, nə “Bu şəhərdə”, nə də “Bozbash” platformalarından yararlanmışam. Yaxşı bacardığımı bilirdim, uşaq vaxtından aktyorluq bacarığımı nümayiş etdirmişəm”.
Müsahibimiz hüquqi azadlığı və onu sevən böyük bir ailənin olduğunu deyir:
“Ona görə də, açığı belə tənqidlərə çox da önəm vermirəm. Özləri bilərlər, öz əsəb sistemlərinə ziyandır”.
Aydın Baxış
Bakı 



