• Bakı 27° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Qara dənizdə qırmızı xətt: “Nadezhda” ya zərbə nəyi dəyişir?

DÜNYA

04 Avqust 2026 | 14:48

Qara dənizdə qırmızı xətt: “Nadezhda” ya zərbə nəyi dəyişir?

Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi göstərir ki, qarşıdurmanın ağırlıq mərkəzi yalnız quru cəbhəsində deyil, hava məkanında, enerji infrastrukturunda və Qara dənizdəki nəqliyyat xətlərində də formalaşır.

Avqustun 3-də cəbhə xəttində tərəflərdən heç birinin təsdiqlənmiş ciddi ərazi irəliləyişi qeydə alınmasa da, Rusiya gecə ərzində Ukraynaya 181 pilotsuz uçuş aparatı göndərib. Bundan əvvəl Zaporoje şəhərinə idarəolunan aviabombalarla hücum nəticəsində yaşayış binaları dağıdılıb, ölən və onlarla yaralanan olub. Ukrayna isə cavab olaraq Krasnodar diyarı, ilhaq edilmiş Krım, Engels aviabazası və Saratov neft emalı zavodu istiqamətində uzaqmənzilli dron əməliyyatlarını genişləndirib. Bu mənzərə müharibənin faktiki olaraq qarşılıqlı “dərin zərbələr kampaniyası”na çevrildiyini göstərir.

Son günlərin diqqətçəkən hadisəsi Türkiyəyə məxsus “Nadezhda” adlı “Ro-Ro” tipli yük gəmisinin Novorossiysk limanından təxminən 20 dəniz mili aralıda dron hücumuna məruz qalmasıdır. Samsuna doğru hərəkət edən gəminin burun hissəsində ciddi yanğın və dağıntı yaranıb, göyərtədəki 22 nəfərdən üçü ağır yaralanıb, heyət isə Rusiya ərazisinə təxliyə edilib. Bəzi media orqanları hücumun Ukrayna dronu ilə həyata keçirildiyini yazsa da, Türkiyənin rəsmi dənizçilik qurumları və “Reuters” hücumu həyata keçirən tərəfin müəyyən edilmədiyini bildirir. Buna görə də “Ukrayna Türkiyə gəmisini vurdu” fikrini hələlik təsdiqlənmiş fakt kimi təqdim etmək doğru olmaz; söhbət Ukraynaya aid olduğu iddia edilən, lakin müstəqil şəkildə təsdiqlənməyən zərbədən gedir.

“Nadezhda” hadisəsi təsadüfi və təcrid olunmuş insident deyil. Son aylarda Qara dənizdə Rusiya neftini daşıyan sanksiyalı tankerlər, Ukrayna limanlarına gedən xarici ticarət gəmiləri və Türkiyə şirkətlərinə məxsus yük gəmiləri dəfələrlə dron və raket hücumlarına məruz qalıb. May ayında Türkiyə sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na daxil olduğu bildirilən üç tanker vurulmuş, bundan əvvəl isə Türkiyənin idarə etdiyi başqa bir tanker Bosfor istiqamətində dəniz dronunun hədəfinə çevrilmişdi. Digər tərəfdən, Rusiya Ukraynanın Odessa vilayətindəki limanlarına hücum edərək Türkiyəyə məxsus gəmilərə də zərər vurub. Beləliklə, Qara dəniz artıq yalnız Rusiya və Ukrayna hərbi qüvvələrinin deyil, üçüncü ölkələrin mülki nəqliyyat vasitələrinin də birbaşa təhlükə ilə üzləşdiyi müharibə məkanına çevrilir.

Bu prosesin arxasında tərəflərin fərqli hərbi strategiyaları dayanır. Rusiya Ukraynanın raket və dron istehsal etdiyi zavodları, limanlarını, enerji sistemini və xaricdən hərbi yük qəbul edə biləcəyi nəqliyyat infrastrukturlarını sıradan çıxarmağa çalışır. Moskva iyulun 30-da Kiyev, Lvov, İvano-Frankovsk və Krivoy Roq istiqamətlərində dron və raket istehsalı ilə əlaqələndirdiyi müəssisələrə, həmçinin Odessa yaxınlığındakı üç yük gəmisinə zərbə endirdiyini açıqlayıb, lakin bu iddiaların hamısı müstəqil şəkildə təsdiqlənməyib. Ukrayna isə Rusiyanın say və resurs üstünlüyünə simmetrik cavab verə bilmədiyi üçün neft emalı zavodlarına, aviabazalara, logistika mərkəzlərinə və dəniz daşımalarına qarşı daha ucuz dronlardan istifadə edir. Kiyevin yeni hərbi yanaşması məhz Rusiyanın iqtisadi və logistika imkanlarını cəbhədən uzaqda zəiflətməyə əsaslanır.

Diplomatik müstəvidə isə döyüşlərin intensivliyi ilə sülh danışıqları arasında ciddi ziddiyyət qalır. ABŞ Prezidenti Donald Trampla Volodimir Zelenski arasında keçirilən son görüşdə Rusiya ilə danışıqların yenidən canlandırılması, Ukraynada “Patriot” raketlərinin birgə istehsalı və hava hücumundan müdafiənin gücləndirilməsi müzakirə edilib. Bununla belə, Moskva əvvəlki şərtlərindən - Ukraynanın Rusiyanın öz ərazisi saydığı dörd regiondan çəkilməsi və NATO üzvlüyündən imtina etməsi tələbindən geri çəkilməyib. Kiyev isə bu şərtləri faktiki kapitulyasiya kimi qiymətləndirir. Buna görə hazırda diplomatik təmaslar davam etsə də, tərəflərin mövqeləri arasında real atəşkəsə imkan verəcək ortaq siyasi baza formalaşmayıb.

Türkiyəyə məxsus gəminin vurulması Ankara üçün həm təhlükəsizlik, həm də diplomatik baxımdan ciddi xəbərdarlıqdır. Türkiyə Qara dənizdə Montre Konvensiyasının icrasına, ticarət yollarının açıq saxlanmasına və Rusiya–Ukrayna müharibəsinin NATO məkanına yayılmamasına xüsusi əhəmiyyət verir. Lakin mülki gəmilərə hücumların artması Türkiyəni hər iki tərəfə qarşı daha sərt mövqe tutmağa, dəniz nəzarətini gücləndirməyə və hücumların beynəlxalq araşdırılmasını tələb etməyə sövq edə bilər. “Nadezhda”ya zərbənin Ukrayna tərəfindən endirildiyi sübuta yetirilərsə, bu, Ankara-Kiyev münasibətlərində gərginlik yaradacaq; məsuliyyət Rusiyanın üzərinə düşərsə, Moskva ilə münasibətlərdə yeni problem ortaya çıxacaq. İndiki şəraitdə əsas nəticə odur ki, müharibə uzandıqca Qara dənizdə mülki gəmiçiliklə hərbi hədəflər arasındakı sərhəd təhlükəli şəkildə silinir və bu, Rusiya-Ukrayna qarşıdurmasını regional böhrana çevirmək riskini artırır.

Alim Nəsirov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR