"Ana südünün kifayət qədər istehsalı üçün düzgün qidalanma, maye qəbulu, yuxu rejimi və körpənin tez-tez əmizdirilməsi mühüm əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
“Ana südü verən qadınlar həm qidalanma, həm də istirahət rejiminə riayət etməlidirlər. Süd istehsalının davamlı olması üçün orqanizmin maye tələbatı ödənilməlidir”, - deyə A.Məmmədova bildirib.
Həkimin sözlərinə görə, ana südü verən qadınların gündəlik maye qəbulu təxminən 2,1-3 litr olmalıdır. Qida rasionu isə zülal, vitamin və digər faydalı maddələrlə zəngin şəkildə qurulmalıdır.
Pediatr qeyd edib ki, ana südü verən qadınlara sərt pəhriz saxlamaq tövsiyə olunmur. Onların gündəlik qida rasionunun enerji dəyəri 1800 kilokaloridən aşağı olmamalıdır:
“Sərt pəhriz ana südünün istehsalına təsir göstərə və körpənin qidalanmasına mənfi təsir edə bilər. Buna görə analar balanslı və kifayət qədər qidalanmalıdırlar”.
A.Məmmədova bildirib ki, yuxusuzluq, stress və emosional gərginlik də süd istehsalına mənfi təsir göstərə bilər. Bu səbəbdən anaların mümkün qədər istirahət etməsi və stressdən uzaq qalması vacibdir.
Həkim əlavə edib ki, körpənin tez-tez əmizdirilməsi və lazım gəldikdə südün sağılması laktasiyanın artmasına kömək edən əsas üsullardandır.
“Əgər bu tədbirlərə baxmayaraq, ana südünün miqdarı artmırsa, laktasiya üzrə mütəxəssisə müraciət etmək tövsiyə olunur”, – Aygün Məmmədova əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



