Son günlər ABŞ-İran münasibətlərində ziddiyyətli bəyanatlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların başlaya biləcəyini, bunun Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı razılaşmaya aparacağını bildirib.
Lakin Tehran bu iddiaları rədd edərək Vaşinqtonla birbaşa danışıqlar aparmadığını, yalnız Oman vasitəsilə Hörmüz boğazında gəmiçilik marşrutları üzrə texniki müzakirələrin davam etdiyini açıqlayıb. Eyni zamanda Hörmüz boğazı yaxınlığında yük gəmisinə zərbə endirilməsi və bölgədə kommersiya gəmiçiliyinin kəskin azalması enerji bazarlarında yenidən narahatlıq yaradıb. Analitiklər hesab edirlər ki, hazırkı mərhələdə hərbi ritorika ilə diplomatik mesajlar paralel şəkildə davam edir və tərəflər bir-birinə psixoloji təzyiq göstərməyə çalışırlar.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva hesab edir ki, Trampın açıqlamaları klassik diplomatik təzyiq strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, Vaşinqton danışıqların başlandığı görüntüsünü yaratmaqla həm beynəlxalq ictimaiyyətə, həm də bazarlara müsbət siqnal verməyə çalışır. İran isə daxili auditoriya qarşısında geri addım atmış görüntüsü yaratmamaq üçün birbaşa danışıqları inkar edir:
“Əslində isə tərəflər arasında vasitəçilər üzərindən müəyyən təmasların olması ehtimalı yüksəkdir. Bu prosesdə Oman, Qətər və Pakistan kimi ölkələrin vasitəçilik səyləri xüsusi diqqət çəkir”.
Müsahibimizə görə, hazırkı mərhələdə tərəflər açıq razılaşmadan daha çox qarşılıqlı mövqelərini gücləndirməyə çalışırlar.
Hörmüz boğazında vəziyyət və son hücumların regionun təhlükəsizliyinə təsirlərindən danışan politoloq qeyd edib ki, Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir. Burada baş verən hər bir insident dərhal neft bazarına və beynəlxalq ticarətə təsir edir. Son günlər yük gəmisinə zərbə endirilməsi və boğazdan keçən gəmi sayının kəskin azalması göstərir ki, risk hələ də yüksək olaraq qalır. Dediyinə görə, İran bu boğazı strateji təzyiq aləti kimi istifadə etməyə çalışır, ABŞ isə beynəlxalq dəniz yollarının təhlükəsizliyini prioritet hesab edir:
“Bu səbəbdən tərəflər arasında kompromis əldə olunmasa, iqtisadi təsirlər daha da dərinləşə bilər. Hərbi qarşıdurma ehtimalı azalsa belə, geosiyasi risk uzun müddət gündəmdə qalacaq”.
Züriyə Qarayeva: Əsas mübarizə döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində gedəcək
Körfəz ölkələrinin və Omanın vasitəçilik təşəbbüslərinin real nəticə verə biləcəyinə gəlincə, həmsöhbətimizin sözlərinə görə, son hadisələr göstərir ki, Körfəz ölkələri genişmiqyaslı müharibədə maraqlı deyillər. Çünki bölgədə hərbi eskalasiya ilk növbədə onların iqtisadi maraqlarına və enerji ixracına zərbə vurur. Oman uzun illərdir Vaşinqton və Tehran arasında etibarlı vasitəçi kimi çıxış edir və hazırda da ən aktiv diplomatik platformalardan biridir. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin də gərginliyin azaldılmasını dəstəkləməsi diplomatik proses üçün müəyyən imkan yaradır. Lakin vasitəçilik yalnız tərəflərin siyasi iradəsi olduğu halda nəticə verə bilər. Hazırda isə həm ABŞ, həm də İran danışıqları davam etdirməklə yanaşı, qarşı tərəfə təzyiq mexanizmlərini də qoruyub saxlayır.
“Hazırkı vəziyyət nə tam müharibə, nə də tam sülh mərhələsidir. Tərəflər eyni vaxtda həm diplomatiyadan, həm də hərbi çəkindirmə siyasətindən istifadə edirlər” deyən politoloq hesab edir ki, əgər Hörmüz boğazı ilə bağlı texniki razılaşmalar əldə olunarsa, bu, daha geniş siyasi dialoq üçün zəmin yarada bilər. Əks halda istənilən yeni hərbi insident prosesi yenidən kəskin eskalasiya mərhələsinə qaytara bilər.
“Mən hesab edirəm ki, yaxın aylarda əsas mübarizə döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində davam edəcək. Buna görə də ABŞ-İran münasibətlərinin gələcək taleyi yalnız iki ölkənin deyil, həm də region dövlətlərinin vasitəçilik səylərindən və enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq maraqlardan asılı olacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 



