• Bakı 31° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Azərbaycanlı musiqi terapevti Türkiyədə unudulmaz sənət gecəsinə imza atdı - FOTO

MƏDƏNİYYƏT

05 Avqust 2026 | 10:54

Azərbaycanlı musiqi terapevti Türkiyədə unudulmaz sənət gecəsinə imza atdı - FOTO

Türkiyənin İzmir vilayətinin Şirincə qəsəbəsində "Sözlərin ötəsində" adlı poetik-musiqili gecə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Səssizlik danışarkən" mövzusu ilə təşkil olunan tədbirdə 30 ildir Türkiyədə yaşayan azərbaycanlı sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqi terapevti və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış musiqi terapiyası tətbiqçisi Züleyxa Abdullayeva, eləcə də bədii və elmi kitabların müəllifi, şair Sərgun Ağar iştirak ediblər.

Proqram çərçivəsində Sərgun Ağarın şeirləri Züleyxa Abdullayevanın royalda səsləndirdiyi improvizasiyalarla vəhdət təşkil edib. Şeir, musiqi və səssizliyin dili üzərində qurulan gecədə musiqi terapiyasının insan ruhuna təsiri, duyğuların ifadəsi və ünsiyyətin gücləndirilməsindəki rolu xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycan musiqisinin zəngin irsinə də xüsusi yer ayrılıb. Azərbaycan bəstəkarlarının və milli musiqisinin incə çalarları dinləyicilərə təqdim olunaraq, ölkəmizin zəngin mədəni irsi böyük maraq və rəğbətlə qarşılanıb. Bu məqam gecəyə milli ruh və xüsusi rəng qatıb.

Gecə ərzində Züleyxa Abdullayevanın müəllifi olduğu "Qəbul et" adlı əsər də səsləndirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Proqramın sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, poeziya, musiqi və insan ruhu arasındakı dərin bağlar ətrafında səmimi müzakirələr keçirilib.

Şirincənin füsunkar təbiətində baş tutan "Sözlərin ötəsində" poetik-musiqili gecəsi iştirakçılara təkcə bir sənət proqramı deyil, həm də ruhu zənginləşdirən, düşüncələrə toxunan və yaddaşlarda iz buraxan mənəvi bir yolçuluq bəxş edib. Azərbaycan mədəniyyətinin və musiqisinin Türkiyədə belə yüksək səviyyədə təqdim olunması həm mədəni əlaqələrin möhkəmlənməsinə, həm də ortaq dəyərlərimizin tanıdılmasına dəyərli töhfə kimi qiymətləndirilib.

Belə tədbirlər bir daha göstərir ki, incəsənətin dili sərhəd tanımır. Musiqi və poeziya xalqları bir-birinə yaxınlaşdıran, könülləri birləşdirən ən güclü körpülərdən biridir. "Sözlərin ötəsində" gecəsi də bu mənada həm sənətin, həm də Azərbaycan-Türkiyə dostluğunun ruhunu yaşadan nümunəvi bir mədəniyyət tədbiri kimi yadda qalıb.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026