"Ana südünün tərkibindəki zülallar körpənin həzm sistemi tərəfindən daha asan mənimsənilir və allergik xəstəliklərin yaranma riskinin azalmasına kömək edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Pediatr bildirib ki, ana südündə zülalların tərkibi körpənin orqanizminə daha uyğun şəkildə balanslaşdırılıb. Onun sözlərinə görə, ana südündə albumin və qlobulinlər üstünlük təşkil edir, kazeinin miqdarı isə daha azdır:
“Ana südündə zülallardan albumin və qlobulinlər üstünlük təşkil edir, kazeinin miqdarı isə azdır. Bu nisbət təxminən 80 faizə 20 faiz təşkil edir. İnək südündə və bəzi süni qidalarda isə bu nisbət fərqlidir. Orada kazeinin miqdarı daha çox olur”.
A.Məmmədova qeyd edib ki, süni qidalarda olan bəzi zülallar iri molekullu olduğuna görə körpənin həzm sistemi tərəfindən daha çətin mənimsənilə bilər:
“Bu zülallar həzm sistemindən çətin sorulduğu üçün bəzi uşaqlarda həzm sistemi ilə bağlı problemlər yarana bilər. Eyni zamanda, inək südündə olan bəzi zülallar allergen xüsusiyyətə malikdir. Bu səbəbdən süni qidalanan uşaqlarda allergik xəstəliklərə, o cümlədən atopik dermatit və digər allergik dəri problemlərinə daha çox rast gəlinə bilər”.
Pediatr vurğulayıb ki, ana südü körpənin həzm sisteminin və immun müdafiəsinin formalaşmasında mühüm rol oynayır.
Zeynəb Rzayeva
Bakı 



