• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Zelenskinin Ankara səfəri: müharibə diplomatiyası yeni mərhələyə keçir

DÜNYA

20 Noyabr 2025 | 13:31

Zelenskinin Ankara səfəri: müharibə diplomatiyası yeni mərhələyə keçir

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfər etməsi və paralel olaraq Tramp administrasiyasının xüsusi elçisinin də Ankaraya yola düşməsi təsadüfi deyil.

Türkiyə həm Rusiya ilə, həm Qərb ilə danışa bilən nadir ölkələrdən biridir və hazırda müharibənin diplomatik fazasını açmaq üçün ən real platforma kimi görünür. Zelenskinin “tərəfdaşlarımıza təklif edəcəyimiz həll yollarını hazırlamışıq” ifadəsi Ukraynanın döyüş meydanında çətinliklərin artdığı bir vaxtda danışıqlar masasına öz gündəmini qoymağa çalışdığını göstərir. Bu gündəmin əsas elementi mümkün atəşkəsin şərtləri və təhlükəsizlik təminatlarının forması ola bilər. Ukrayna tərəfi danışıqlara qayıdırsa bunu öz iradəsi ilə etdiyini göstərmək istəyir və Türkiyə seçimi buna siyasi legitimlik verir.

Rusiya nümayəndələrinin Ankaradakı görüşdə iştirak etməyəcəyini açıqlaması prosesin tam formatlanmamış olduğunu göstərir. Moskva danışıqlara açıq olduğunu vurğulasa da, hələlik Zelenski və ABŞ ilə ayrı-ayrı kanallar vasitəsilə mesajlaşma mərhələsi davam edir. Rusiya üçün müzakirələrin mahiyyəti dəyişməyib. Kreml faktiki əldə etdiyi ərazilərin legitimləşməsini tələb edir və bu mövqeyi Kiyevə, İstanbula və Vaşinqtona çatdırmaqla öz sərt xəttini qoruyur.

Bu fonda Qərb mətbuatında gedən analizlər, xüsusilə Yulian Röpkenin “Ukrayna strateji məğlubiyyətə gedir” iddiası Ukraynanın döyüş meydanındakı real vəziyyətinə işarə edir. Rusiya texnoloji üstünlüyü artırır. Zirehli texnika tədarükləri isə Ukraynaya əvvəlki kimi üstünlük qazandırmır. Bu dəyişiklik Kiyevin danışıqlara yönəlməsini daha da aktuallaşdırır. Qərb də öz içində strateji xəttə yenidən baxır. Atəşkəsdən danışanlar da var, Ukraynaya daha uzunmüddətli dəstəyin davam etdirilməsini müdafiə edənlər də.

Səfərin əsas gözləntisi Zelenskinin Tramp administrasiyasının yeni planı fonunda öz mövqeyini gücləndirməsi, Türkiyənin vasitəçilik imkanlarını test etməsi və Qərb müttəfiqlərinə real çıxış yolunu göstərməsidir. Ankarada aparılan təmaslar həm müharibənin gedişinə, həm də danışıqlar masasında kimin hansı mövqedən oturacağına ciddi təsir göstərə bilər. Ümumilikdə, proses göstərir ki, Ukrayna müharibəsi diplomatik mərhələyə keçidin astanasındadır. Lakin bu mərhələnin necə başlayacağı Rusiya, ABŞ, Türkiyə və Ukraynanın qarşıdakı həftələrdə atacağı addımlardan asılı olacaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR