Ukrayna müharibəni dayandırmaq üzrə aparılan danışıqlarda tərəfdaşları ilə ərazi bütövlüyü məsələsini müzakirə etmir.
Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Sergey Leşenko bildirib.
“İstər Səudiyyə Ərəbistanında, istərsə də Fransada keçirilən görüşlərdə iştirak edən bütün danışıqçılar açıq şəkildə deyirlər ki, Ukraynanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə olunmur. Hətta Ukrayna Konstitusiyasında da çoxlu qadağalar və məhdudiyyətlər var”, - deyə o, ABŞ-nin Krımı Rusiyanın ərazisi kimi tanıya biləcəyi ilə bağlı şayiələri şərh edərkən vurğulayıb.
Onun sözlərinə görə, oxşar şayiələr 10 il əvvəl də yayılıb və bu məsələ ilə bağlı Donald Tramp da fikrini bildirib.
“O vaxt, 2016-cı ilin yayında ilk səlahiyyət müddətindən əvvəl də Tramp Krım sakinlərinin daha çox Rusiyanın tərkibində olmaq istədiklərini demişdi. Bu cür bəyanatlar 10 il əvvəl də mütəmadi olaraq eşidilirdi, lakin onlar elə söz olaraq qalırdı. Bizim üçün əsas məsələ Ukraynanın milli maraqlarını müdafiə etməkdir”, - Leşenko qeyd edib.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” mənbələrinəə istinadən ABŞ-nin Krımın ilhaqını tanımaq məsələsini nəzərdən keçirə biləcəyini yazmışdı.