• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

“Zəngəzur dəhlizinə mane olmağa çalışan qüvvələr var” - Maraqlar toqquşur!

Gündəm

14 Iyun 2024 | 15:29

“Zəngəzur dəhlizinə mane olmağa çalışan qüvvələr var” - Maraqlar toqquşur!

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri yenidən atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələri Naxçıvanın Şərur rayonu istiqamətində mövqelərimizi atıcı silahlardan atəşə tutublar. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Xatırladaq ki, erməni silahlıları iyunun12-də də Naxçıvan istiqamətində atəşkəsi pozmuşdular. İki aya yaxın idi ki, şərti sərthədlərdə heç bir təxribat törədilməmişdi. Lakin Ermənistan baş naziri Nikol Paşinyanın sülhlə bağlı açıqlamalarından sonra erməni təxribatları yenidən başladı. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov "Bakıvaxtı.az"a açıqlamasında deyib ki, son zamanlar atəşkəsin pozulması hallarına rast gəlmirdik və delimitasiya və demarkasiyası komissiyaları nəticəli işlər görürdü.

Ekspert bildirib ki, proses ümumən nisbətən sabit gedirdi və insanlarda nikbinlik formalaşmışdı:

"Ancaq nəzərə alaq ki, 44 günlük müharibədən sonra da sülh prosesində müəyyən irəliləyişlər olan kimi dərhal bu cür təxribatlara əl atılır. Düşünürəm ki, bir müddət belə davam edəcək. Hazırda vəziyyət gərgindir. Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsindən sonra Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə aksiyalar davam etməkdədir. Təbii ki, Ermənistan daxilində baş verən gərginlik fonunda şərti sərhədlərdə təxribatların baş vermə ehtimalı da yüksək idi. Azərbaycan Ordusunun müvafiq bölmələri, sərhəd qoşunları da bu təxribatlarla bağlı ayıq-sayıq olmaq təlimatını alıblar. Nəzərə alaq ki, Ermənistanda hazırda davam edən etiraz aksiyaları və təxribatlar Paşinyanın tutduğu mövqeyə qarşıdır. Ermənistanın daxilində və xaricində sülh prosesinə, Zəngəzur dəhlizinə, sərhədlərin müəyyənləşməsinə mane olmağa çalışan qüvvələr var. Burada böyük dövlətlərin də maraqları toqquşur. Keşişin aksiyalarını maliyyələşdirərək daxili gərginliyi artırmağa çalışır, bununla öz maraqlarını təmin etməyə çalışırlar. Paşinyan da proseslərə tam şəkildə nəzarət edə bilmir. O baxımdan şərti sərhədlərdə təxribatların baş verməsi də gözləniləndir". 

Ş.Ramaldanov əlavə edib ki, Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi, Paşinyanı devirməsi region üçün yaxşı heç nə vəd etmir: 

"Amma Azərbaycan öz haqlı mövqeyində qalacaq, öz mənafeyini qoruyacaq. Dövlət başçısı öz mesajlarında dəfələrlə vurğulayıb ki, əgər Azərbaycana Ermənistandan, revanşistlərdən, onların xarici havadarları tərəfindən hansısa təhlükə yaranarsa, buna dərhal cavab veriləcək. Bu çox ciddi və aydın mesajdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Iyul 2024