• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Almaniya niyə Azərbaycanı seçir? - Əkbər Qoşalı yazır
YAZARLAR
15 Mart 2023 | 15:21

Almaniya niyə Azərbaycanı seçir? - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Almaniya Avropa Birliyinin bu gün ən aparıcı ölkəsidir. Almaniya yalnız Avropa qitəsinin deyil, ümumən planetin aparıcı ölkələrindən biri kimi xarakterizə olunmağı haqq edir.

Təsəvvür edin: iki dünya müharibəsinin faturası sənin üzərində ola, ikisində də məğlub olasan, bölünəsən, amma yenə toparlanmağı bacarasan, bütövləşəsən, ayaqda durasan və büdcən, iqtisadi gücün, elm-texnologiya təsərrüfatın bütün kəm-kəsirlərini örtə...

Avropa Birliyinin əsas ölkələrindən İngiltərə bu Birlikdən çıxdıqdan sonra Almaniyanın aparıcı mövqeyi özəlliklə qabarıq görsənir. Hərçənd Avropa Birliyinin başqa böyük ölkəsi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə dövlətidir, II Dünya müharibəsinin qalib dövlətləri siyahısına düşüb (dəxi XXI yüzillikdə də müstəmləkələrə malikdir) və s. – amma Fransa Almaniya deyil, Almaniya (kimi) ola bilmir. Avropa Birliyindən çıxan İngiltərə ilə də, Birliyin aparıcı üzvü Almaniya ilə də normal, xarakterli münasibətlər sistemi içində olan Azərbaycan Respublikasının Fransa ilə münasibətləri son illər çox deformasiyaya uğrayıb. Həmən vurğulayaq: əlbəttə, burada məsuliyyət Fransanın üzərindədir. Biz Fransa (və ya başqa bir dövlət) ilə münasibətləri korlamaq üçün heç nə etməmişik. Hər türlü yanlışlığı edən Fransanın hakimiyyətidir. Makron Fransası Azərbaycana qarşı beynəlxalq hüquqa, mövcud anlaşmalara zidd siyasət yürüdür; Makron Fransası Azərbaycanın öz torpaqlarını azad etməsini Paşinyan Ermənistanından daha ağır sinirir. – Heç sinirə bilmir. Və cavabını da alır!

Bəs Almaniya nə edir?

Almaniya özünün Güney Qafqaz və Mərkəzi Asiya siyasətini yenidən nəzərdən keçirir və burada (haqlı, məntiqli olaraq) Azərbaycanı ciddi, vacib tərəfdaş olaraq dəyərləndirir. – Bəlli olduğu kimi, hazırkı dönəmədək Almaniya Güney Qafqazda fəal olmayıb və bu strateji bölgə ilə bağlı siyasətini, belə demək mümkünsə, rəsmi Moskva üzərindən həyata keçirib. Hazırda Almaniya Güney Qafqazla bağlı siyasətini genişləndirmək əzmini nümayiş etdirir, burada da (artıq vurğuladığımız kimi) məhz Azərbaycanı əsas tərəfdaş kimi görür.

Bəli, Azərbaycan Prezidentinin Almaniyaya səfəri strateji dialoq xarakterli oldu. Bir daha təsdiq, təsbit olundu ki, Almaniya Azərbaycanın önəmini qəbul edir. Almaniyanın öz maraqları var, bizim də öz maraqlarımız var. Əgər beynəlxalq hüquqa uyğunluq təşkil edən maraqları uzlaşdırmaq mümkündürsə, bunun yararı hər iki tərəf üçün, ümumən beynəlxalq ictimaiyyət üçün xeyirli, uğurlu sayılmalıdır.  Məsələn, Almaniya Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə başlamış Brüssel Sülh Prosesini dəstəkləyir. Prezident Əliyevin Prezident Ştaynmayerlə keçirdiyi görüşdə bu məsələ bir daha vurğulandı.

Bu səfərin ilkin sonucları haqqında daha nələri demək olar?

Ən azı daha iki məqama toxunaq:

- Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, habelə Almaniyanın aparıcı şirkətlərinin başçıları və b. ilə görüşləri çox səmərəli olub, o görüşlərdə aparılan müzakirələr qarşılıqlı anlaşma, sayğı, güvən ortamında keçib. Almaniya Prezidentinin, kanslerinin mövqeyində bu ölkənin Azərbaycanla işbirliyini inkişaf etdirmək əzmi aydın şəkildə görüldü. Səfərə dəvət, aparılmış müzakirələr və ifadə olunan fikirlər bunu açıq-aydın göstərmiş oldu;

- Səfər Azərbaycan-Almaniya münasibətlərinin, işbirliyinin inkişaf etdirilməsi baxımından önəm daşıyır. İqtisadi sahədə işbirliyinin inkişaf etdirilməsi əzmi özəlliklə vurğulanmalıdır. Prezident İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin başçıları ilə görüşü bunun əyani sübutudur.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri uğurla başa çatdı.

Bu uğurlu işgüzar səfərin özü, səfərin uğurlu keçməsi anti-Azərbaycan (Qərb!) dairələrinə ismarıc dəyərindədir. Ən önəmli məqamlardan biri nədir, bilirsinizmi? – Anti-Azərbaycan mövqelərini (mövqesizliklərini!) körük­ləyən dilənçi və dalan Ermənistandan (dünya erməniliyindən) fərqli olaraq, Azərbaycan (üzr istəyirəm) pul-para dilənmir, tam tərsinə malik olduğu imkanlarla çıxış edir, ləyaqətli işbirliyi təklif edir. Azərbaycan hər hansı bir ədalətsiz çağırışda bulunmur, belə istəklə çıxış etmir – bizim çağırışımız da, istəyimiz də beynəlxalq nizamyaradıcılığına xidmət edir. Bu bir də onunla bağlıdır ki, biz bərabərtərfli, bərabərhüquqlu statusda çıxış edirik.

Dövlətimiz zavam görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Aprel 2024