• Bakı 23° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

Bir festivaldan daha artıq... - Əkbər Qoşalı yazır
YAZARLAR
26 May 2022 | 21:15

Bir festivaldan daha artıq... - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

 Bu gün - mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlandı!

28 May – Müstəqillik Günü ərəfəsində başlayan, 4 gün davam edəcək festival bir çox özəlliklərə malikdir. 28 Mayı illərdir bayram etsək də, məhz bu il yeni – daha uyğun ad və məzmunla bayram edəcəyik.

Bayram dünyada, bizim aid olduğumuz geopolitik məkanda qlobal problemlərin yaşandığı dönəmə düşür.

“Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq. Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm”. Bu cümlələr ABŞ Prezidenti Cozef R.Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə Amerika xalqı adından göndərdiyi Təbrik məktubundandır. İkinci önəmli məqam, 44 günlük müharibədə məhz çağdaş hərb texnologiyalarından, o cümlədən dronlardan yararlananmağımızdır. “TEXNOFEST Azərbaycan” festivalı, müharibə vaxtı “Bayraktar” başda olmaqla, ordumuzun dronlarla xarüqələr yaratmasını yenidən yada salır. Bəli, Azərbaycan XXl yüzilin müharibəsini aparmış və dünya hərb tarixinə altun hərflərlə yazılmış möhtəşəm Zəfər qazanmışdır! Daha bir önəmli məqamsa Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən keçiriliən, bu il beşincisi düzənlənən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalının zamanlamasında, bu anlamlı festivalın “Şuşa Bəyannaməsi”nin imzalanması və qanun qüvvəsinə minməsindən sonraya təvafüq etməsi ilə bağlıdır.

Festival dünyanın dörd tərəfindən diqqətləri Bakıya, Azərbaycana yönəltməkdədir. Qalib Azərbaycan, qədim mədəniyyət beşiyi Azərbaycan ən çağdaş texnologiyalara sahib olması, belə texnologiyaların inkişafında marağı, onların sülhə, əmin-amanlığa xidmətini müdafiə etməsi ilə seçilir. Əjdadın hər ənənələrinə sahiblənən ölkə çağdaş dünya ilə layiqincə ayaqlaşır. Türk-müsəlman şərqində ilk Cümhuriyyəti qurmuş xalq, bu gün də İLKlərə imza atmağa qadirdir; Azərbaycan mütərəqqi ideyaları dəstəkləyir, onları təbliğ və təşviq edir, hər cür tərəqqiyə dəstək nümayiş etdirir. Bu festival həm də - ən öndə vurğulamalı olduğumuz məziyyətlə, Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqliyinin daha bir təntənəsidir!

“TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı”dır. Bütün bunlar festivalı festival kimi festival edir yaxud bir festivaldan daha artıq dərəcələndirməyə əsas verir. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin 02 fevral 2021-ci ildə - ötən ilki Gənclər Günündə imzaladığı Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində çağdaş innovasiyalar məkanının qurulması məsələsi öz əksini tapıb. Budur, “TEKNOFEST Azərbaycan”ın keçirilməsi, özü də 28 may – Müstəqillik Günü ərəfəsində gerçəkləşməsi innovasiya sahəsində üfüq genişliyini, məna dərinliyini təcalla etdirir. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin də festivalın açılışında vurğulandığı kimi, buyursun, ölkə gəncləri özlərini sınasın, xəyallarını gerçəkləşdirsin – onlara yeni platforma, uyğun meydan təqdim olunur: “TEKNOFEST” elmi, texnologiyanı sevən gənclərə öz ideyalarını gerçəkləşdirmək imkanı yaradacaq, təcrübə qazandıracaq, habelə gənclərə komanda ruhu aşılayacaq.

Festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilir. Bu önəmli tədbirdə iştirak üçün ümumilikdə 1000 komandanın, 5000-dək şəxsin müraciət etməsi, Azərbaycanın 52, Türkiyənin isə 40 bölgəsini təmsil edən gənclərin festivala qatılması özlüyündə çox şey ifadə edir... Başqa bir təvafüqlüyü də sizlərlə paylaşmaq istərdim.

Bu gün Bakı başqa bir festivala da evsahibliyi edir: I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı! Festivalın açılışı ən qocaman ali təhsil ocağımız olan Bakı Dövlət Universitetində (BDU) bu gün baş tutdu. Festival Azərbaycanın, Türkiyənin uyğunprofilli dövlət və ictimai qurumları, həmçinin ortaq türk qurumları – TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati, mənəvi dəstəyi ilə keçirilir. Şuşa şəhərinin 270 illiyi və “Şuşa İli” ilə bağlı havaya içərisində şeirlər olan rəngli şarlar buraxılması paralel keçirilən festivalla ruhi-mənəvi səsləşmə kimi gəldi mənə... Kitabdan göyüzünə, göyüzündən kitaba... “İstiqbal göylərdədir”! (M.K.Atatürk). Birinci günü “Şuşa”, ikinci günü “Türk Dünyası”, üçüncü günü isə “Dədə Qorqud” adlandırılan festival Türk dünyasının böyük mütəfəkkirləri Nizami Gəncəvi, Yunus Əmrə, Əlişir Nəvai, Məhdimqulu Firaki, Tüğölbay Sıdıkbekov və Abay Kunanbayevin xatirəsinə həsr edilib. Festivalda Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Əhməd Baytursunulö, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri də keçiriləcək.

Burada nəşriyyatlar öz məhsullarını, yeni kitablar sərgiləyir, tanıtımlar, imza günləri keçirilir. 

Açılış günü Beynəlxalq Türk Akademiyasının Nur-Sultanda qazaxca nəşr etdiyi "Qarabağ - Azərbaycanını incisi" - tarix, mədəniyyət, təbiət kitabının təqdimatı ən diqqətəlayiq hadisələrdən oldu. 

Ölkələr var ildə bir festival keçirsə, böyük hadisə sayılır... Azərbaycanın paytaxtı bir gündə iki beynəlxalq festivala ev sahibliyi edir!

Qürur duyuram!

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR

29 Sentyabr 2022