• Bakı 10° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.7881

    RUB - 1.619

Cığal Fransa, pərdəli Fransa - Əkbər Qoşalı yazır
YAZARLAR
26 Dekabr 2023 | 12:41

Cığal Fransa, pərdəli Fransa - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Dənizaşırı, torpaquzağı, havayaxını... - əli-ayağı, yorğanı-balıncı, səsi-sorağı çatdığı qədər öz neomüstəmləkəçiliyini Yer üzünün dörd yanında davam etdirməyə çalışan Fransa, bəlkə də gözləmədiyi yerdə (vaxtda və bəxtdə) casus şəbəkəsinin ifşa olunması xəbərindən xəcil olub.

Ay səni, Fransa!

Fransa ki Fransa.

Cığal Fransa, pərdəli Fransa.

Elə bir Fransa ki başqalarına münasibətdə kədərli, özünə münasibətdə “qabı qabağına çəkən”dir...

Bir dövlət təsəvvür edin:

BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Avropa Birliyinin, NATO-nun qurucu-üzvü olsun amma Vyana Konvensiyası da daxil olmaqla bir sıra digər beynəlxalq qanunvericilik aktlarının, hüquq normalarının tələblərini kobudcasına pozasun. Amma o dövlət, başqalarından “millətlərin öz müqəddəratını təmin etmə” hüququymuş, azadlıq, demokratiya və s. imiş... daha necə “ipucları”ndan tutub, tələblərdə bulunsun. O axı necə dövlətdir, öz üzərinə götürdüyü beynəlxaq məsuliyyəti puç saya-saya, başqalarını hansısa “qayda-qanun”a dəvət etsin?

O necə dövlətdir ki beynəlxalq qurum-quruluşlardakı təmsilçiliyindən sui-istifadə edərək, ayrı-ayrı dövlətlərin iç işlərinə qarışır, təxribatçı planlar həyata keçirir? Bəs günlərin bir günü deyilməyəcəkdimi: əgər belə davranmaq zorundasansa, bir zəhmət, beynəlxalq məsuliyyətdən özünü azad etdiyini açıqla, BMT Təhlükəsizlik Şurası daimi üzvlüyündən imtina et, nə bilim, “Frankafoniya”nı burax da, get, örnəyi, “dəniz quldurları” kimi davran.

Bəli, Fransa artıq “Avropanın Ermənistanı” bekara titulunu getdikcə daha çox haqq etməyə və kiçik bacısına ziyadəsiylə oxşamağa balşayıb...

Bəli, mütəxəssislər haqlı olaraq iddia edir ki, Fransa Fransa olalı, özəlliklə, son 50 ildə onun xüsusi xəfiyyə orqanları belə biabırçı iflasa uğramamışdı. Deməli, diqqət Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rolu və peşəkarlığına cəmlənir. Diqqət cəmlənir ki, uzaq “qara qitə”dən başlayaraq Güney Qafqaza kimi fransız xarici siyasəti iflasa uğrayır, formalaşdırdığı gizli şəbəkələr dağılır. Afrikada anti-Fransa ovqatı, Fransanın oralardan qovulması fonunda bir zərbəni də Qafqazdan – bizdən alması lap yerinə düşür.

Budur, anti-kolonializm hərəkatının günbəgün genişləndiyi, vüsət aldığı və Fransanın (Kaledoniya misalında) həm dənizaşırı torpaqlarda həm koloniyalarda böyük zərbələr aldığı bir vaxtda casus şəbəkəsi də çökür. Bu gedişatda Azərbaycan adı var, Azərbaycan xidməti var, Azərbaycan möhürü var! O Azərbaycan ki Fransa uzun illər öz kiçik bacısının əli ilə dalana, dolanbaclara salmaqçün min hoqqadan çıxırdı...

Əlbəttə, fransızlar beynəlxalq siyasətlərinin iflasının əsasında özlərinin Prezident seçdiyi Makronun yürütdüyü yanlış siyasətin dayandığını idrak etməlidir. Məhz Makron Fransanın dünyada çıxarlarına çox ciddi zərbələr vurdu. Daha da betər olsun! – Haşa, nə Makronun, nə onun davam və inkişaf etdirdiyi bədnam siyasətin qayğısını çəkmirik. – Can onların, cəhənnəm Tanrının...

Bəs kim deyə bilər, sabah-birisigün Fransa dövlətinin casus şəbəkəsi ilə bağlı daha yeni faktlar üzə çıxmayacaq, yeni ifşalar olmayacaq? Bəs belə faktlar qarşılığında Parisdə yer yerindən oynamaz, Makron iqtidarının sonu gəlməzmi? Gələr, əfəndim, gələr...

Haqq incələr, üzülməz!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR