• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Dərin sayğılarla anırıq - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Dekabr 2022 | 11:06

Dərin sayğılarla anırıq - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”. – Bu sözləri bir azərbaycanlı, bir türk, bir müsəlman, hətta keçmiş sosialist məkanından olan ictimai-siyasi, dövlət xadimi demir, bu sözlər ABŞ-ın keçmiş Prezidenti Corc Buşa aiddir.

ABŞ-ın digər bir keçmiş Prezidenti Bill Klinton isə belə deyirdi: “Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.

Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”. – Bu sözlərsə Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerə aiddir.

Heydər Əliyev haqqında dünyanın bir çox böyük şəxsiyyətləri, ayrı-ayrı əməli fəaliyyət sahələrini təmsil edən nüfuzlu ziyalılar, ictimai-siyasi, dövlət, elm, mədəniyyət, incəsənət xadimləri ürək sözlərini bölüşüb, altun sözlər deyib. Bu təqdirlər, dəyərləndirmələr bizimçün çox xoşdur, qürurvericidir. Bizimçün son dərəcə dəyərli olan, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin məhz bizim xalqa, ölkəyə, zəmanəyə aid olmasıdır. Biz onu görmüş, ondan öyrənmiş, onunla eyni dövrdə yaşamışıq. Mənə Ümummilli lider qarşısında çıxış etmək nəsib olub. Onda mənim 23 yaşım vardı. Gəncdim, həyəcanlıydım. – 2 fevral 1996-cı ildə Müstəqil Azərbaycan Gənclərinin I Forumu keçirilirdi. Bu, onun təşəbbüsü, öz istəyiydi. İstəyirdi ki, Müstəqil Azərbaycan gənclərinin nəynən nəfəs aldığını, nə düşündüklərini, necə bir mənəvi iqlim içində olduqlarını biləvasitə görsün, bilsin. Yaxşı xatırlayıram, Forumdan bir gün öncə bizi Gənclər-İdman Nazirliyinin Akt zalına yığmışdılar və rəsmi şəxslərin mövqeyindən başa düşdük ki, biz çıxışçılar öz ürəyimizdə nə var onu bölüşüb, səmimi, xəlqi duyğularımızı, düşüncə və fikirlərinizi sərbəst şəkildə deyə biləcəyik. Yəni I Forum Müstəqilliyin ilk illərinin gənclik hesabatı və gələcəyə səmimi baxışlarının ifadəsiydi. Ölkə başçısı Gənclərin ali toplantısında axıradək iştirak etdi, tarixi nitq söylədi. Deyə bilərəm ki, məhz o Forumdan sonra respublikamızın dövlət gənclər işi təkmilləşdi, yeni fazaya keçdi, yenidən dizayn olundu.

Yalnız bir Forumla yalnız bir sahəni deyil, ölkənin həyatına yeniliklər qazandırmağı bacaran Heydər Əliyev hadisələrə bir siyasi lider gözü ilə baxmır, məhz Ümummilli lider kimi, dövlət xadimi kimi baxırdı. – “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir.” (Uinston Çörçill).

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə diqqət edək: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz Türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”. – Bu gün Türk Dövlətləri Təşkilatı var, digər ortaq türk qurumları var. Bu gün Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi” ilə taclandırılmış ən yüksək strateji müttəfiqlik birgə fəaliyyəti mövcuddur. Əgər Şuşa deyiriksə, əlbəttə, bu sözləri də burada xatırlatmalıyıq: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya azərbaycanlıları”! – Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad olunması münasibəti ilə Xalqa 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından etdiyi tarixi müraciətdəndir. Bu gün Şuşanın girişində Azərbaycan bayrağı ilə Türkiyə bayrağı qoşa dalğalanır. Bu bayraqlar daha necə ünvanlarda qoşa dalğalanacaq. Hər Zəfər “Bir millət, iki dövlət” kəlamının müəllifi olan böyük insanın ruhuna əyan olacaq.

***

Dünyaca ünlü qırğız yazıçısı Çingiz Aytmatov vaxtı ilə deyirdi: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.

Türk dünyasının başqa bir ünlü ədibi – görkəmli qazax şairi Oljas Süleymenovsa belə deyirdi: “Heydər Əliyevlə tez-tez görüşmürdüm. Amma hər görüşün bir ömürlük xatirəsi var. O ki, mənim müəllimim idi. Heydər Əliyev, Dinmühəmməd Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünyagörüşümü formalaşdırıblar”...

Türk dünyasının iki böyük oğlu – Aytmatov və Süleymenovun da vurğuladığı dəyərli fikirlərə şərik olaraq, vurğulamaq istərdim ki, Heydər Əliyevin ədəbiyyat, mədəniyyət, sənət üçün etdiklərini, unudulmaz xidmətlərini bir məqalədə sadalamaqla qurtarmaz, çoxcildlik kitab yazmaq gərəkdir. “Heydər Əliyev və ədəbiyyat”, “Heydər Əliyev və sənət”, “Heydər Əliyev və elm”, “Heydər Əliyev və Türk dünyası”... – bu ana mövzularda qədirşünaslıqla çox yazılıb, daha da yazılacaq. 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli”dir. “Şuşa İli”ndən “Heydər Əliyev İli”nə keçirik – qürurla, fərəhlə, məsuliyyətlə və inamla!

İnanırıq ki, bu il içində Heydər Əliyevin zəngin həyat yolu, irsi bir daha tədqiqata cəlb olunacaq, yeni əsərlər yazılacaqdır.

Ümummilli liderimizi vəfatının 19-cu ildönümündə dərin sayğılarla anırıq.

Ruhu şad olsun!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

24 Aprel 2024