• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

İki əsrə bərabər 19 il - Aqil Abbas yazır
YAZARLAR
15 Oktyabr 2022 | 10:40

İki əsrə bərabər 19 il - Aqil Abbas yazır

Aqi̇l Abbas

Çingiz Aytmatovun məşhur əsəridir: "Gün var əsrə bərabər". Amma bizimki 17 il iki əsrə bərabər oldu. Yəni İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Prezident seçildikdən sonra iki əsrin ağrısından-acısından, işğalçılardan azad olmağımız üçün 17 il gözlədik. Və arzumuza çatdıq. 

2003-cü ilin seçkilərində Ulu Öndər Heydər Əliyev belə demişdi: "Mən İlham Əliyevə özüm qədər inanıram". Heydər Əliyev inanırdı, amma bizlər ilk əvvəllər o qədər inanmırdıq. Ona görə ki, 

İlham Əliyev sakitcə işini görürmüş, biz isə bunlardan xəbərsiz idik. Müxalif qüvvələr atılıb-düşürdü, bizlər də bilmədən çox vaxt onlara dəstək verirdik və ən çox da dediyimiz o idi ki, "Lazım nə vaxt gələcək?" Lazımın gəlməsini gözləməyə səbrimiz çatmırdı. Amma heç demə "Lazım" öz işini ustalıqla görürmüş.

Şahmat oynayanlar çox gözəl bilirlər, qrossmeysterlər 15, 17, 19 gedişi əvvəlcədən görürlər. Bir görüş isə adətən 39-cu, 40-cı gedişdə təxirə salınır. Mən bir dəfə əvvəllər yazmışdım ki, Heydər Əliyev yeganə siyasətçidir ki, şahmatda 39-cu, 40-cı gedişi görür. Heç demə təxirə salmadan sonrakı 41-ci gedişi də görübmüş və bu 41-ci gediş də İlham Əliyev imiş. İlham Əliyev də 42-ci, 43-cü gedişi görürmüş və rəqibini, düşmənini həmin gedişlərdə mat vəziyyətinə salmağı bacarırmış. Bunun üçün də 17 il vaxt lazım imiş. 

İlham Əliyev özünü prezidentliyə namizəd verəndə müxalifət səs-küy salmışdı ki, "siyasətçi deyil və dövləti idarə edə bilməyəcək". Deməli, Bakının adi universitet və institutlarında oxuyanlar siyasətçi ola bilərmişlər, amma dünyanın ən nüfuzlu ali məktəbi olan Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmiş, dünya diplomatiyasını gözəl bilən İlham Əliyev siyasətdən xəbərsiz imiş?!

Mən o vaxt belə bir yazı yazmışdım. Alparslan Türkeşin oğlu MHP-nin başqanlığına özünün namizədliyini verəndə Türkiyədəki bozqurdlar ayağa qalxmışdılar ki, bəs Toğrul bəy Bozqurdlar məktəbini oxumayıb, keçməyib. 

O vaxt Toğrul bəy belə bir açıqlama vermişdi ki, necə oldu ki, həftədə iki-üç dəfə mənim atamın açdığı və dərsliklərini yazdığı ülgü okullarına iki saatlıq dərsə gedənlər ülgüçü ola bilirlər, amma mən qırx il dünya ülgüçülərinin başqanı Alparslan Türkeşin gündə 24 saat yanında olsam da, ülgüçü sayılmıram? Və onu da yazmışdım ki, İlham Əliyev 40 ildir Heydər Əliyevdən dərs aldığı halda necə ola bilər ki, siyasəti bilməsin və ya siyasətdən uzaq olsun? 

Tarix və həyat göstərdi ki, İlham Əliyev Heydər Əliyevdən götürdüyü dərsdən "əla" qiymət alıb. 

Və bu gün dünyanın siyasət meydanında bir lider kimi öz adını Heydər Əliyevdən götürdüyü dərsin hesabına qızıl hərflərlə yazdırmağı bacarıb. 
Söhbət ondan getmir ki, 44 günlük müharibədə Azərbaycan xalqını ikiəsrlik "Qarabağ problemi"ndən birdəfəlik xilas edib. Həm də söhbət ondan gedir ki, Azərbaycanı türk dövlətlərinin birliyi mərkəzinə çevirib və atdığı hər addım da təkcə dünya azərbaycanlılarının yox, bütün türklərin möhtəşəm birliyinə, işıqlı sabahına doğru yönəlib. 

Əsrlərboyu diktə edilən Azərbaycan bu gün təkcə Avropaya deyil, dünyaya diktə edir. Təbii ki, bu da Prezident İlham Əliyevin çox müdrik siyasətinin nəticəsidir. 

O, Qarabağı azad etməklə, işğal olunan torpaqlarımızı əsarətdən qurtarmaqla təkcə atası Heydər Əliyevin yox, 50 milyonluq Azərbaycan xalqının və 300 milyonluq türk millətinin müqəddəs arzusunu həyata keçirdi. 

Bu gün İlham Əliyevin hakimiyyətə gəlməsindən 19 il ötür. Ona görə yazının başlığını belə qoymuşam: "İki əsrə bərabər 19 il". Heç kəsə sirr deyil ki, Şah İsmayıldan sonra belə bir zəfər tarixini İlham Əliyev yazdı. Necə ki, heç vaxt Şah İsmayılı unutmuruq, üstündən beş əsr keçsə də, İlham Əliyev də unudulmayacaq. Nə qədər Azərbaycan var - bu da əbədidir, deməli, 

İlham Əliyev də var olacaq və əbədi olacaq! Və həm biz, həm də bizdən sonrakı nəsillər Qarabağda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Xankəndidə, Ağdərədə daim xoşbəxt yaşayacağıq. Və qələbədən sonrakı müddətdə Qarabağda aparılan tikinti-bərpa işləri bunu bir daha sübut edir. İlham Əliyev bu dəqiqə Qarabağla nəfəs alır. Bunun təsdiqi kimi onun tez-tez işğaldan azad edilmiş Qarabağa səfərlərindən və hər səfərində ya təməlini qoyduğu, ya açılışını etdiyi obyektləri yada salmaq kifayətdir. Deyəsən, ən çox sevdiyi şəhər də Şuşadır ki, tez-tez ailəsini də götürüb bu şəhərə gedir. Hər gedişində də ya yeni binaların açılışını edir, ya da təməlini qoyur. Və mənə elə gəlir ki, hər dəfə Şuşanın havasını ciyərlərinə çəkəndə, Cıdır düzündə dayanıb bütün Qarabağı seyr edəndə bir az da gəncləşir. 

Mən həm Ağdamda, həm Füzulidə, həm də Şuşada bunun şahidi olmuşam. İnsan zəfər çalanda necə sevinc hissi keçirirsə, görmüşəm ki, Qarabağı azad edən möhtərəm Prezident İlham Əliyev də həmin sevinci keçirir. 

Özü də bu sevinci hamı ilə bölüşmək istəyir. Bir arzumu da yazım. 

Şuşanın özülünü Pənahəli xan qoyub, Şuşanı düşmən işğalından azad edib xalqımıza bağışlayan da cənab Prezident İlham Əliyevdir. Arzu edirəm ki, Şuşanın binəsini qoyan Pənahəli xanın da bu şəhərdə heykəli ucaldılsın, eləcə də Şuşanı düşmən işğalından azad edən İlham Əliyevin də elə sağlığında bu şəhərdə heykəli ucaldılsın. 

Tanrı Xalqımızı qorusun!
Tanrı Prezidentimizi qorusun!
Qarabağ Azərbaycandır!

 

Aqil ABBAS,
Milli Məclisin deputatı

"Azərbaycan" qəzeti


SON XƏBƏRLƏR