• Bakı C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Harda qaldı, gəlmədi... - Aqil Abbas yazır
YAZARLAR
13 Yanvar 2026 | 12:40

Harda qaldı, gəlmədi... - Aqil Abbas yazır

Aqi̇l Abbas

Şahlar şahı Ağaməhəmməd şah Qacara rusların fitvası ilə öz sərkərdələri sui-qəsd edəndə o böyük sərkərdənin axırıncı  sözü bu olmuşdu: «Neylədiz, İranı viran qoyduz!» İndi də İran viran günündədi. İki həftədən çoxdur ki, ölkə zənci saçına dönüb.  Belə demək mümkünsə, nə it yiyəsin tanıyır, nə də yiyəsi itin. 

Politoloqların, siyasi şərhçilərin də hərəsinin ağzından bir avaz gəlir, eləcə də Avropadakıların. Biri deyir Rza şahın oğlu gəlsin, biri deyir Qacar nəslindən kimsə varsa o gəlsin, biri deyir bəhmənkəs, biri də deyir ABŞ gəlsin. Yəni kənarda dayanıb İrana  umac ovurlar. Hələ ki, üfüqdə də bir lider görünmür, deyəsən, heç yoxdu da. 

Yadıma it ilində olan bir hadisə düşdü. Bir Çöhrəqanlı vardı, guya güney azərbaycanlıların lideri idi, həbs olunmuşdu. 10 min dollar girov qoysaydı həbsdən azad ediləcəkdi. O pul nə özündə  vardı, nə də qırx milyonluq Azərbaycan türkü o pulu yığıb onu xilas etmək fikrində deyildi. 

Həmin vaxt dilim dinc durmadı, qəzetdə yazdım ki, əgər Çöhrəqanlı azərbaycanlıların lideridirsə, mən də Klintonam. 

Bu yazı həmin vaxt cəbhəçilərin  bərk etirazına səbəb olmuşdu, məni hədələyirdilər. Hətta Güney Azərbaycandan olan, adı yadımdan çıxmış  kimsə cəbhəçilərin iclasında belə bir axmaq söz demişdi: «Aqil getsin xəstə qayınatasının dərdini çəksin».

Təbii ki, bu söz də məni hövsələdən çıxarmışdı, onda da canımın sulu vaxtıydı, davakar vaxtıydı. Axtarırdım həmin adamı ki, tapım salım ayağımın altına.

Rəhmətlik  Elçibəy zəng elədi, dedi:

- Nəbadə ona bir söz deyəsən. Mən  ona lazım olan cavabı sənin əvəzinə vermişəm. 

Sonra Çöhrəqanlı gəlib bir az Bakıda fırlandı, sonra deyəsən, çıxdı getdi Almaniyaya. Və bu gün də bir səsi-sorağı yoxdu. 
İranı bu bəladan nə Pəhləvi qurtara bilər, nə Qacar nəslindən olan adam, nə də ABŞ. İranı bu bəladan demokratiya qurtara bilər. Təbii ki, ona da Xamnei razı olmaz. İndiyədək nə qədər etirazçı öldürülüb, dəqiq məlumat yoxdur.

Amma onu bilirəm ki, ABŞ İrana hücum edərsə, bu iğtişaşlar dayanacaq. İran ideoloji dövlətdir. Ac qılınca çapar deyirlər, belə olarsa  İrandakı aclar aclıqlarını unudacaqlar və hamısı birləşib ABŞ-ın qılıncına çapacaqlar. 


SON XƏBƏRLƏR