• Bakı 16° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Kimi aldadırsan, a zalımoğlu? - Əkbər Qoşalı yazır
YAZARLAR
21 Noyabr 2022 | 09:36

Kimi aldadırsan, a zalımoğlu? - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

İran İslam Respublikasının Ali Rəhbərininin müşaviri Əli Əkbər Vilayəti Qafqazdakı hadisələr, İran və Azərbaycan Respublikası əlaqələri ilə bağlı açıqlama verib. Xub! Amma…

“Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq” deyən müşavir, (arxalı köpək) Ermənistanın uzun illər davam edən hücumlarını, işğallarını hesaba almamışmı, əcaba?

Yoxsa, Ermənistan İrançün xarici dövlət deyilmi?

“İranın qüdrəti dostlarımıza deyil, İran və Azərbaycanın və həmçinin digər qonşularımızın düşmənlərinə qarşıdır” deyən Əli Əkbər Vilayəti bu qarmaşıq - altından çirkli su axan cümləsini necə arıldıb-durulda bilər, görəsən?

Ermənistan Azərbaycanı özünə düşmən bilir, Azərbaycanla əsassız və perspektivsiz düşmənçilik edir; biz isə (Atatürkün sözləri ilə desək) insanlığın düşməni olanların düşməniyik.

Müşavir “Azərbaycan xalqı bizim gözümüzün nurudur” deyir. Soruşan gərək: göz nuru ilə uzun illərə dayalı hüsumətiniz nəydi o zaman? Bəyəm, göz nurunun ərazisindən narkotranzitçün istifadə edərlər? Göz nurunun yeniyetmə və gənclərinin fiziki, mənəvi-ruhi sağlamlığına qəsd etməyə çalışarlarmı, bəyəm?!

Başqa bir önəmli məqam: axı, arapozanlıq eləyən, hərza-hədyan danışan, hədə-qorxu gələn elə sizin öz hakimiyyətinizdə təmsil olunan yüksək çinli din və hərbi xadimlər deyilmi? - Bizimlə “İyi polis, kötü polis” oynayırsız, öz ağlınızca?

Bəlkə indi ayılmısız?

Yox, yox, sadəcə bir səbəb var: gördünüz Azərbaycan Respublikası qüdrət-qüvvət, hörmət-izzət sahibidir, geri verdiniz.

Gördünüz öz içinizdə, öz əhaliniz qarşısında aqrumentsiz qalmısız, ortabab izaha belə söz tapmırsız (bıçaq kəmiyə dirənib), “müşavir atəş üstə su səpsin” dediz, eləmi?Gördüz ki, Azərbaycan Respublikası ərazisindəki təsir agentləriniz dəxi dini-siyasi iflic durumdadır, düşünməyə dərinləməsinə ehtiyac duyduz…

Gördüz hərbi təlimləriniz, “Arazkeçmə” hoqqalarınız əks-effekt verdi, tam tərsinə, Azərbaycan Respublikası öncələr atmadığı addımları atmağa vadar oldu, “U” gedişimi etdiniz?..
Olay bu qədər aydındır…

Şair demiş, “Kimi aldadırsan, a zalımoğlu”?


SON XƏBƏRLƏR