"Şuşa Bəyannaməsi” ilə taclandırılmış qarşılıqlı birgə fəaliyyət içində olan Azərbaycan və Türkiyə 28 may gününü möhtəşəm yaşadı, bayram kimi bayram etdi. - “Qeyd etdi”, “keçirdi” kimi xəbər bildirən sözlər bu cümləyə dar gələrdi -bəli, məhz yaşadıq, bəli, bayrama bayram qatdıq.
Azərbaycan Prezidenti möhtəşəm Kəlbəcər-Laçın səfərinin ikinci günü - mayın 28-də Laçındaydı. Laçın Azərbaycan Respublikası üçün, müstəqilliyimiz üçün kilid şəhər, kilid bölgədir. Heç təsadüfi deyil ki, qurtuluşsonrası məhz Laçına ilkin köçümüz bu qədər operativ baş tutdu. Prezidentin bu səfərindən az öncə “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans baş tutdu.
ANAMA və BMT-nin müvafiq strukturunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən ll beynəlxalq humanitar minatəmizləmə konfransının əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və minaların törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin, mina təhlükəsi ilə mübarizədə maraqlı olan bütün tərəflərin diqqətinə çatdırmaq idi.
Konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün yeni imkanlar yaradır. Bu günlərdə Xudafərin körpüsünü ziyarət fürsətim oldu .- Yollar-izlər boyu gördüklərim, eşitdiklərim mina təhlükəsinin hələ də qalmaqda olduğunu bir daha, əyani şəkildə nümayişi oldu.
Zatən, işğaldan azad olunmuş bölgələrimizdən, o bölgələrə dönüşdən danışırıqsa, qarşımızdakı ilk məsələ minalardır. - XXI yüzillik dünyasında adam kimi yaşamaq ləyaqəti nümayiş etdirə bilməyən vandalların zehniyyəti minalıdır. - 30 il sümürüb sərvətini, daşını-ağacını, flora-faunadan ələ gələn, dişə gələn hər şeyi aparasan, bu azmış kimi, torpağını, hər yerini, qəbristanlıqları belə minalayasan..! - Bax, biz bu gerçəklik fonunda Ermənistan Respublikasının, ermənilərin ədalətli, qalıcı sülhə gələcəyinə necə inanaq? - Ona görə kilid bölgələrimizi təxirəsalınmadan bərpa edir, məskunlaşdırırıq! Ona görə, “minalanmış sülh anlaşması”na yox, həqiqi, əsil, ədalətli Sülh Anlaşmasına təkid edirik!
Azərbaycanın Müzəffər Ali Baş Komandanı Laçından elə ismarıclar verdi - bu hələ uzun müddət gündəlikdə olacaq - yeni hadisələrin şifrələri, anonsu var o möhtəşəm çıxışda!
Və qardaş ölkə Türkiyə 28 mayda öz dövlət başçısını seçimlərinin ll turunu keçirirdi. - 14 may və 28 may 2023-cü il seçkisinin Türkiyə tarixindəki fövqəladə yerinə, roluna şübhə yoxdur. Dünən 28 May - Müstəqillik Günü ilə bağlı Türkiyənin möhtəşəm abidələri, körpüləri ənənəvi olaraq Azərbaycan bayrağının boyaları ilə süslənmişdi; dünən Rəcəb Tayyib Ərdoğanın qalibiyyəti elan olunar-olunmaz Bakı küçələri Ankara, İstanbul, Rizə, Osmaniyyə… küçələrini andırırdı. Qardaş ölkələrimizin bayraqları başımızın üstündə Atatürk heykəli önündə yığışmışdıq, oradan da Bakı Türk Şəhidliyi abidə kompleksinə yürüdük. Bəli, 28 May - həmin günü, həmin günkü hadisələri bayram etməyimizlə yanaşı, şəhidlərimizin ruhuna, necə deyərlər, yoxdan bir bayraq var edən atalarımıza ehtiramımızı bildirmə günüdür! Qədirbilənliklə, vəfa göstərərək, tarixi-mədəni, ictimai-siyasi, ideoloji irsə sayğı duyaraq yürüdük! Bu ilki 28 May bir başqaydı! - 105 illik 100 illikdən daha təsirli keçdi! - Çünki Şuşada, Laçında, Kəlbəcərdə bayrağımız dalğalanır! 28 May bu il yalnız Azərbaycan üçün deyil, Türkiyəmiz üçün, eyni məhəbbətlə deyirik, Türk dünyası üçün bir başqaydı! Həmişə müstəqil türk dövləti öz dövlət başçısını seçdi! - Bu seçim Türk dünyasını düşünən şəxsiyyətin timsalında hamımızın qələbəsinə çevrildi! Və 2021-cilin payızından bəri Türk Dövlətləri Təşkilatımız var! - Bizi kimsə durduramaz! Türk dünyasının dirçəlişi başlayıb və ya ən azı yeni faza qazanıb!
Bayrağımız uca olsun!
Bakıvaxtı.az