• Bakı 10° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Müdafiə, yoxsa yeyinti nazirliyi? - Aqil Abbas yazır
YAZARLAR
07 Noyabr 2023 | 11:34

Müdafiə, yoxsa yeyinti nazirliyi? - Aqil Abbas yazır

Aqi̇l Abbas

143 milyon manat! Bunu bir «KamAZ»a  yükləsən  yolda  polis  saxlayar ki, artıq yük götürmüsən. Bu pula  Ağdamda və ya Füzulidə 143 yaşayış binası tikmək olar, minlərlə  qaçqını  sevindirmək olar. 

Amma  bina-filan tikib-eləməyiblər, Müdafiə Nazirliyinin 3-4 polkovniki mənimsəyib. Əgər polkovniklər 143 milyon pulu mənimsəyiblərsə, görün generallar nə  qədər  mənimsəyib və mənimsəyir?  Özü də  hansı pulu? Dövlətin əhalinin sosial məsələlərindən  kəsib zəfərimiz üçün Müdafiə Nazirliyinin  büdcəsinə  ayırdığı  pulu.
İndi məhkəmələri gedir, deyəsən  40 milyonu qaytarıb  ödəyiblər.  

Məsələ nədi? Bir belə  pulu mənimsəyiblər, necə olub ki, Müdafiə Nazirliyinin müvafiq strukturlarının bundan  xəbəri olmayıb? Müdafiə Nazirliyində yoxlama  aparılmırmı?

Niyə məhz Dövlət  Təhlükəsizlik Xidməti işə qarışandan sonra bu yeyintinin  üstü açılıb?  Təkcə pulu mənimsəyənləri yox, müəyyən  rüşvət məbləğində  bu yeyintiyə göz yumanlar da məsuliyyətə cəlb olunmalıdır. 

Yeri gəlmişkən, vaxtilə  bir  müdafiə naziri  vardı - Məmmədrəfi Məmmədov, Müdafiə Nazirliyinə  məxsus  bir traktoru bir təyyarəsi ilə  Moskvaya  aparıb  bağında  işlədirdi. Yəqin ki, sonra da  əli  aşağı  düşdüyündən  satmışdı.  

Universitetdə 5-ci kursa keçəndə zabit rütbəsi almaq üçün bizi aparıb tökmüşdülər  Neftçalada bir hərbi hissəyə. 1974-cü il idi, hərbi hissədə 80-dən yuxarı tank  və zirehli  texnika vardı, bizi  hər həftə  məcbur edirdilər ki,  onları  silib təmizləyək. Hamısı par-par parıldayırdı. Günlərin  bir günü həyəcan siqnalı  verdilər, ən uzaq gedən tank, ya zirehli texnika 10 kilometr  getmişdi, eləsi  vardı heç yerindən tərpənməmişdi. Məlum oldu ki, hərbi hissənin komandanlığı  yanacağı  satıb yeyib, hətta bəzi zirehli  texnikaların  akkumlyatorlarını  da  çıxarıb  satıbmış. Tökülüşüb gəldilər, bu işdə  əli olan  yüksək rütbəli nə qədər  komandir  vardı yığıb-yığışdırıb apardılar, hərəsinə 10-15 il iş verdilər. 

Böyük Vətən Müharibəsi illərində kənddə yaşlı kişilər müharibəyə getdiyindən işçi qıtlığı vardı. Məktəblərdə  yuxarı siniflərdə oxuyan istedadlı uşaqları  seçib kolxozlarda idarə işlərinə cəlb edirdilər. Mənim  atam da 7-ci sinifdə oxuyurmuş, gətirib kolxozda hesabdar qoymuşdular.  Atam deyirdi  işdən çıxanda  anbardan ciblərimə  buğda  yığsaydım  ailənin bir günlük çörəyi  edərdi.  Atamın  böyük  qardaşı da müharibədə vuruşurmuş, babam deyirdi ki, əgər anbardan bircə ovuc da  taxıl götürsən gözlərini   çıxardaram, o taxıl  əsgərlər üçündü. Təkcə mənim babam belə fikirləşmirmiş, bütün  kənd belə fikirləşirmiş. Taxıl xırmanda tay-tayıymış, amma heç bir kəs  əlini  atıb ordan bir ovuc götürməzdi ki, əsgərlərimizindi. 

İndi də  müharibə  dövrüdü, Müdafiə Nazirliyinin polkovnikləri əsgərlərin  143 milyon manat  pulunu oğurlayıb. Dəhşətdi!

Yazını bir hədislə  tamamlamaq istəyirəm. Həzrət Əli xəlifə olanda evində  iki şam saxlayırmış, biri özünün, biri dövlətin. Ailə yığışanda öz şamını  yandırarmış, yanına  dövlət işi  üçün gələnlər olanda isə dövlət şamını. 
 


SON XƏBƏRLƏR

04 Dekabr 2024