Məlum videonu görmüsünüz, erməni futbolçular zala girərkən Azərbaycan Bayrağını tapdalayıb keçirlər, hətta bəziləri Azərbaycan Bayrağına tüpürür. Alçaqlıqdır. Görünür, gəncdilər, Macarıstanda Bayrağımızla ayaqqabılarını silən erməni zabitinin Ramil Səfərov tərəfindən baltalanmağını ya eşitməyiblər, ya da unudublar.
Ümumiyyətlə, hər hansı bir millətin bayrağını təhqir eləməyi, yandırmağı əclaflıq sayıram. Sən o bayrağı tapdalaya bilərsən, yandıra bilərsən, amma millətin Bayrağı elə bir ucalıqdadır ki, ona əlin çatmaz.
Atatürk İzmirə ayaq basarkən qərargaha qalxanda görür pilləkana Yunanıstanın bayrağını səriblər. Soruşur ki, bu nədi? Cavab verirlər:
- Paşam, yunan generallar bu qərargaha qalxanda ayaqlarının altına bizim bayrağı sərmişdilər və böyük şövqlə tapdalayıb keçirdilər.
- Qaldırın o bayrağı, o, bir millətin bayrağıdır!
İndi siz İrəvanda Bayrağımızı tapdalaya bilərsiniz, yandıra bilərsiniz, amma Qarabağda, Şuşada, Laçında, Ağdamda və sair ucaltdığımız bayraqları endirməyə, təhqir eləməyə filan yeriniz çatmaz. O bayraqların dirəklərini sizin filan yerinizə soxarıq. Necə ki 44 günlük müharibədə bunu etdik.
Hətta Möhtərəm Prezident İlham Əliyev də Paşinyana xitabən Qarabağda qaldırdıqları və bizim əsgərlərin endirdiyi Ermənistan bayraqlarını neyləmək lazımdır əl jesti ilə göstərdi.
İndi Laçın sərhəd keçid məntəqəsində saxlanılan üç idmançını gənc olduqlarından və etdikləri əməldən peşmançılıq çəkdiklərinə görə bağışladıq. Çünki biz böyük millətik. Və yəqin onları da başa saldıq ki, o Bayrağın dirəklərini sizin filan yerinizə…
Yadınıza düşürsə, Şimali Kiprdə yunanlarla sərhəddəki bayrağı endirmək üçün bir yunan dirəyə dırmaşmışdı. Əli bayrağa çatanda türk əsgəri onu təpəsindən atdı ki, murdar əli bayrağa dəyməsin. O da təpəsi üstə gəldi yerə.
Baxıram Amerikanın bayrağını yandırırlar, Rusiyanın bayrağını yandırırlar, hansı axmaqsa «Quran»ı yandırır. Sən kitabı yandıra bilərsən, amma o kitabdakı Allahın sözlərini, o sözlər ki iki milyarddan çox insanın beyninə hopub, ruhuna hopub, qəlbindədir, onu yandıra bilməzsən. Mənim həmişə dediyim bir söz var, o məşhur şeirdə deyilir ki: «Bayrağı bayraq edən üstündəki qandır». Mən də deyirəm ki, bayrağı bayraq edən üstündəki qan deyil, bayrağı bayraq edən onu başının üstündə ucaldan və enməyə qoymayan millətdir. Necə ki bir millət kimi o bayrağı Şuşada, Laçında, eləcə də Birləşmiş Millətlər Təşkilatının önündə ucaltmışıq.
Heç yadımdan çıxmaz. 93-cü ildə Amerikaya səfər edəndə BMT-nin qabağında ucaldılan bayrağı görəndə həmin bayraq asılan dirəyi qucaqlayıb sevincdən ağlamışdım ki, ay Allah, gör bizim millətin bayrağı harda ucaldılıb.
Tanrı Milləti qorusun!
Tanrı Bayrağımızı qorusun!
Və Tanrı o Bayrağı ucaldanları qorusun!