• Bakı C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Qatillərə sülh mükafatı?! - Aqil Abbas yazır
YAZARLAR
09 Aprel 2024 | 13:40

Qatillərə sülh mükafatı?! - Aqil Abbas yazır

Aqi̇l Abbas

Əli azərbaycanlıların qanına batmış, Qarabağda separatçıların, terrorçuların liderlərindən biri Ruben Vardanyanı ermənilər Nobel mükafatına təqdim ediblər. Özü də nəyə görə, xeyriyyəçiliyinə, humanitar fəaliyyətinə və təhsilə qayğısına görə və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq. Təqdim ediblərsə, deməli, alacaq.

Niyə də almasın, əli yüz minlərlə insanın qanına batmış, SSRİ kimi bir dövləti dağıtmış, xalqları bir-birinə düşmən eləmiş, dinc əhalini Almatıda, Tiflisdə, Bakıda, Vilnüsda tankın tırtılları altında əzmiş Mixail Qorbaçova Nobel Sülh mükafatı verdilərsə niyə də Ruben Vardanyana verməsinlər?

Ermənilərin və Ermənistanın dalında duran qüvvələrin, Fransa kimi kərtənkələlərin, ABŞ kimi ilana ağ verənlərin dəstəyi ilə mükafatı verəcəklər, ondan sonra da Azərbaycana təzyiq göstərəcəklər ki, Nobel mükafatı laureatını həbsxanada saxlaya bilməzsiniz. Ölkəmizə yeni bir təzyiq kampaniyasına başlayacaqlar. At ilxısı, köpək sürüsü daraşacaqlar mətbuata. Ola bilər ki, bizim içimizdən də ilana ağ verən tapacaqlar.

Nobel qardaşlarının Azərbaycan xalqından soyub apardığı pulları bir erməni terrorçusuna vermək xalqımızı təhqir etməkdən başqa bir şey deyil.

Bu barədə Məmməd Arazın «Nobel mükafatı» adlı məşhur bir şeiri var, həmin şeiri bu köşənin altında dərc edəcəyik, oxuya bilərsiniz.

İndi gələk Nobel mükafatına və mükafatlara. Vaxtilə Rəsul Rza Lenin mükafatına təqdim olunmuşdu. Amma içimizdəki kərtənkələlər Rəsul Rzanın əleyhinə Moskvaya o qədər teleqram vurdular ki! Elə öz qəzetlərimizdə Rəsul Rzanın Lenin mükafatına təqdim olunmuş poemasını da geninə-boluna tənqid etdilər.

Üç-dörd il bundan qabaq da yazıçı Kamal Abdullanın bir əsərini Nobel mükafatına təqdim etmişdilər. Vay, dədəm vay, sosial şəbəkələrdə şivən qoparan kim, paxıllıqdan, qısqanclıqdan ürəyi gedən kim və təbii ki, Kamal müəllimə də bu mükafat qismət olmadı.

Vaxtilə akademik Yusif Məmmədəliyev də Nobel mükafatına təqdim olunmuşdu. Moskvada söz sahibi olan ermənilər qollarını çırmayıb Xruşşovu inandırdılar ki, Məmmədəliyevin kəşfi dövlət sirridi. Ona Nobel mükafatı verilsə dövlət sirri açılacaq və istəklərinə nail oldular!

Əgər xeyriyyəçiliyə görə, təhsilə qayğıya görə və humanitar fəaliyyətinə görə Nobel mükafatı düşürsə, onda bu mükafat birinci Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya düşür. Neçə-neçə kasıb ölkələrdə məktəb tikdirib, məktəb açdırıb. Elə Fransanın bir nömrəli muzeyində baş verən yanğın zamanı muzeyin bərpasını Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürdü və əvvəlkindən də gözəl bərpa elətdirdi. Belə misalları çox çəkmək olar. Hələ ölkə daxilində etdiyi xeyriyyəçilik əməllərindən danışmıram və yazmıram.

Gələk yenə Vardanyana, ona necə Sülh mükafatı verə bilərlər ki, o və onun arxasında duranlar Azərbaycan və Ermənistanın sülh müqaviləsi bağlamağına mane olurlar.

Qaldı Nobel Sülh mükafatına! Əgər Azərbaycanla Ermənistan qansız-qadasız sülh müqaviləsini imzalasa, onda bu mükafat Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana düşür.

Təbii ki, mükafat verənlər mənim kimi bir yazıçının sözü ilə oturub-durmur. Sadəcə olaraq yazıb heç olmasa ürəyimi boşaldıram.

İndi isə Məmməd Arazın şeirini oxuyun.

NOBEL MÜKAFATI

Nobel mükafatı.... Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən, Madridə qədər
Nobel şərəfinə tərif yazıldı.

Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar xülyasında sən.
Geri dön, tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.

Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!

Gör kimin evinin daşı, divarı
Soyulub kim üçün cəh-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu.

Tarix hökm elədi, qaranquş kimi
Bahara səslədik bu elləri biz.
Sapanda qoyulan qara daş kimi
Atdıq yurdumuzdan nobelləri biz.

Tarix haqqımızı qaytardı geri,
Sorulan qanımız qayıtmaz artıq.
Bizi səsləyəndə döyüş illəri
Ayılıb gördük ki, gec ayılmışıq...

Bir günlük varımı qaytarsan bir an
Yurdumda min yeni şəhər yaranar.
Çıxarsan neftimi sandıqlarından
Alpın ətəyində Xəzər yaranar...

Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!

1960


SON XƏBƏRLƏR

01 Dekabr 2024