• Bakı 16° C

    12.98 m/s

  • USD - 1.7

    EUR - 1.8004

    RUB - 0.0279

Rus silahı blefi - Qəzənfər Həmidoğlu yazır
YAZARLAR
28 Fevral 2022 | 09:04

Rus silahı blefi - Qəzənfər Həmidoğlu yazır

Qəzənfər Həmidoğlu

Putin Ukraynada rus ordusunu vitrinə çıxardı. Opponentlər, dostlar-düşmənlər, bütün dünya son 4 gündə hədsiz maraqla Putin ordusunun, rus silahının tamaşasına durdu.

Gözəl fürsət və imkan idi ki, son illərdə modernləşməsinə 767 milyard dollar xərclənən Putin ordusunu, onun döyüş gücü və bacarığını eninə-uzununa qiymətləndirəsən. Üç ay əvvəl - 2021-ci il noyabrın 24-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Putinə məruzəsi az qala NATO-nun kürkünə birə salmışdı.

Şoyqu o vaxt basıb-bağlamışdı: “Rusiya ordusunun müasir silahları xarici analoqlarını çox geridə qoyur, Rusiya Federasiyasının dövlət suverenliyinin, dünyada və Avrasiyada stabilliyin etibarlı qarantiyası olaraq qalır. Ölkə qoşunlarının silahlanması üzrə Dövlət proqramı çərçivəsində 3 il ərzində 20 mindən artıq əsas silah nümunələri, 2 milyona yaxın texnika vahidi alınıb. Döyüş robotlarının seriyalı istehsalı başlanılıb. RF-nin ağıllı yüksəktexnologiyalı silahlar sahəsində liderliyini dostlarımız da, düşmənlərimiz də etiraf edirlər. Rusiya yaxın rəqibləri ilə arasındakı fərqi artırır və bu, “tərəfdaşlarımız” tərəfindən Üçüncü dünya müharibəsinə təhriketmə ehtimallarını azaldır. 10 il ərzində süni intellektə 22 trilyon rubl yatırmağı planlaşdırırıq – Rusiya “Sirius”, “Poseydon” tipli müstəqil düşünən döyüş sistemləri yaradacaq“.

NATO fevralın 24-də gözləyirdi ki, rus silahının parıltısından gözləri qamaşacaq. Amma Şoyqu Putinin qoltuğuna qarpız verib Kiyev yürüşünə göndəribmiş. Rus generaliteti milyardlarla dolları yeyib, üstündən araq-konyak içib hop-gop edirmiş. Gerçəkdən o nə rus silahı, o nə rus soldatı idi? Gördüyümüz çeçen müharibəsindən qalma köhnə-kürüş, sınıq-salxaq hərbi texnika və əsir düşüb aman diləyən və ağlayan rus əsgəri oldu.

XIX-XX əsrlərdə elmi, mədəniyyəti və idmanı ilə sivil dünyada adından az-çox söz etdirə bilən Rusiyanın XXI əsrə doğru tutya üçün bir silahı qalmışdı. İndi Suvorovun dönəmindən bəh-bəhlə təriflənən rus silahını da biabır və rəzil etdilər.

Elə həmin Suvorovun zamanından şəhər döyüşlərində heyvərəliyi ilə fərqlənən, son illərdə bunu Əfqanıstan şəhərlərində, Bakıda, Qroznıda və Suriya şəhərlərində sərgiləyən rus ordusu qəddarlığını Kiyevdə də nümayiş etdirdi.

Maraqlıdır, Putin niyə öz ordusunu Ukrayna səhnəsinə çıxarıb belə gülünc vəziyyətdə təqdim etdi? Kremldə oturub hərbə-zorba gəlir, bir sıra Qərb liderlərini özü ilə az-çox hesablaşmağa məcbur edir və ətraf ölkələri də qorxu altında saxlayırdı. Amma indi özü və Rusiya ordusu haqqındakı mifi vurub dağıtdı. Putini gözlərində böyüdən NATO generalları isə indi yəqin baş sındırırlar ki, Ukrayna ordusu ilə bacarmayan rus ordusunu necə olub ki, təsəvvürlərində belə üfürüb şişirdiblər.

Beləliklə, rus silahının gücü blef çıxdı. Bundan sonra “biçarə” Putin daha ciddi təhdidə əl atdı: Rusiya ordusunun çəkindirmə güclərini – yəni, strateji nüvə qüvvələrini döyüş növbəsinin xüsusi rejiminə keçirdi. Ukraynada burnu ovulan Kremlin sahibi nüvə raketi ilə əl-qol atmaqla nə qədər ağını çıxarsa da, burda bəşəriyyətə təhdid var.

Bu blefdirmi? Kim bilir? Adam körpüləri və Rusiyanı yandıra-yandıra gedir. Rusiya lideri sanki başqa reallıqda yaşayır, “paralel” dünyanın məntiqi ilə hərəkət edir. Başqa ölkənin hərbçilərini öz prezidentlərini devirməyə, xəyanətə çağırır. Özünü hətta haqlı da sayır. Və yaxud Putinin Ukraynaya qarşı “xüsusi əməliyyat”ın məqsədi kimi “denasifikasiya” və “demilitarizasiya”nı müəyyənləşdirməsi Potsdam konfransından (1945) yarımçıq plagiatdır. Həmin konfransda Almaniyanın taleyi ilə bağlı 4 “d” adlı proqram qəbul edilmişdi: denasifikasiya, dekartelizasiya ,demilitarizasiya və demokratikləşdirmə. Adam Lavrov-Şoyqu ilə deyil, sanki Stalinin kabusu ilə oturub-durur.


SON XƏBƏRLƏR

23 May 2022