• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Növbə kimdədir - Qəzənfər Bayramov yazır
YAZARLAR
26 Iyul 2023 | 17:24

Növbə kimdədir - Qəzənfər Bayramov yazır

Qəzənfər Həmidoğlu

Azərbaycancada “növbə” çoxmənalı və bəzən anlamı xatalı sözdür. Onun dörd anlamı işlək və məşhurdur. Amma bir mənası qəliz və uzağagedən olduğu üçün ondan vaz keçək.

1. Növbəyə durmaq və ya növbə tutmaq ( Anadolu türkcəsində “sıra”, “nöbet”, “kuyruk”; ruscada “о́чередь”) – sırada və ya cərgədə bir-birinin yanınca və arxasınca dayanmaq.

2. Növbə ( Anadolu türkcəsində “vardiya», “değişiklik”, “nöbet”, ruscada “смена”) - işdə və ya məktəbdə növbəli iş və dərs müddəti; bir qrup adamın digər qrupu əvəz etdiyi zaman.

3. Növbə çəkmək (Anadolu türkcəsində “nöbetçi”, “bekçi”; ruscada “карау́л”) keşikdə durmaq, qaravul, gözətçi.

Azərbaycan-Ermənistan sülh danışıqları fasiləli-növbəli prosesdir. Görüşlər növbə ilə ya Qərb platformalarında (Vaşinqton və Brüssel), ya da Moskvada keçirilir. Onlar prosesi növbəyə qoyublar, yoxsa bunlar növbələşirlər? Qəliz məsələdir...

Tərəflər vasitəçilərin arasında qalıblar, düzdür, özləri də o yana-bu yana baxırlar. Hələlik hər nə isə iş əyrisinə-düzünə “smen”lə gedir. Hərçənd ki, Kreml bu “smen”dən o birisinə də qaravulluq edir. Çünki Putin “üçtərəfli bəyanatı özüm yazmışam” deyir və özünü prosesin baş növbətçisi elan edib , Lavrovu isə ora “smenşik” təyin edib - hər növbəti dəfə növbətə girirlər, yəni növbəyə növbəsiz soxulurlar...

İndi növbə kimindir və ya kimdədir? İyunun 27-29-da ABŞ-da dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə ikitərəfli danışıqlar aparan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan iyulun 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə üçtərəfli görüş keçirdilər. 10 gün öncə, iyulun 15-dəsə Brüsseldə Azərbaycan prezidentinin Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri ilə növbəti üçtərəfli görüşü olmuşdu.

Aİ Şurasının başçısı Şarl Mişel həmin görüşdən sonra Qərb platformasının yay tətilinə çıxacağının anonsunu vermişdi. Ermənistan və Azərbaycan liderləri ilə Mişelin növbəti və ya 7-ci Brüssel görüşü baş tutsa, payızda baş tutacaq. Yaydan sonra növbədə “Avropa siyasi birliyi”nin növbəti sammitində - Qranadada Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüş də var. Lavrov isə bu yandan Putinin mesajını çatdırdı ki, “2023-cü ildə üç ölkənin liderinin sammiti planlaşdırılır”.

Növbəli görüşlər, paralel danışıqlar və alternativ platformalar geosiyasi oyunçuların maraq və təzyiqlərinin nəticəsidir, iştirakçıların manevr və manipulyasiya imkanlarını genişləndirməklə danışıqlarda əngəlləri artırır.

Digər tərəfdən, ta qədimlərdən mollası çox olan yas qeyri-effektiv mərasim, dəfn kimi də qeyri-adekvat prosesdir: sonda ölü o dünyaya ən yaxşı halda kəfənsiz gedir, ən pis haldasa mürdəşirə çox ayıb olsun…

Axırda növbə itə də bilər, Ukrayna savaşı uzansa, növbə-mövbə tanıyan olmayacaq. O növbədən bu növbəyə, bu növbədən o növbəyə gedə-gedə axırda növbə davası düşəcək və növbə Qarabağ savaşlarının üçüncüsünə də çata bilər…

Bakıvaxtı.az


SON XƏBƏRLƏR