Əvvəllər nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı...
Xalq yazıçısı Çingiz Abdullayev Yazıçılar Birliyinin son 30 ilinin tarixi anları ilə bağlı indiyədək qəlbinin bir guşəsində gizlətdiklərini artıq içində tutmağa tab gətirməyib, "çoxdan yazmaq lazım idi" deyib və çırpıb "düşmən"lərin harasına gəldi.
Çingiz müəllimin FB-də paylaşdığı adi status və ya post deyil, modern "Fəxriyyə", "əngəlkələfnamə" şedevridir, ən azı AYB və ya ədəbi mühit üçün.
Təqdirəlayiq və alqışlanasıdır ki, yazıçı statusunu iki dildə - Azərbaycan türkcəsində və doğma ruscada paylaşıb. Hər ikisi orijinaldır - yəni, dildən-dilə tərcümə-zad deyil. Müqayisə üçün yazının bir epizodunu nöqtə-vergülünə, hərf və üslubuna toxunmadan oxuyaq.
Azərbaycan variantı: “Əsas da odur ki, biz tək Yazıçılar Birliyini deyil, həm də onun binasnı qoruyurduq. O illər bizim binanı İngiltərə səfiriyinə vermək istəyirdilər (1993-cü ilin əvvəli). O vaxt Yusif Səmədoğlu zarafatla söz vermişdi ki, o niyyətlə binaya daxil olanları güllələyəcək”.
Rus variantı: “Но самое главное, что мы не только сохранили Союз писателей. В те годы наше здание уже готовы были отдать под английское посольство ( начало 1993). Юсиф Самед оглы тогда саркастически пообещал пристрелить любого чиновника, который войдёт в здание с этим намерением”.
Bu, dedektivnamə ustadının azərbaycanca ilk praktikasıdır, müəllim hərfbəhərf irəliləyir, əlbəttə ki, rəhmətlik Yusif Səmədoğlunun doğma dilində “zarafat edib” yad dildə “sarkazma keçməsi”ni, eləcə də çinovnik-məmurun iki dil arasında qeyb olmasını anlayışla qarşılamaq lazımdır...
Çingiz müəllim yazısında çox məhrəm bir sirrini də açır: “Məni bağışlayın, amma deməliyəm ki, mən artıq 2 ildir ki, TEAS press nəşriyyatı ilə müqavilə bağlamışam və qonorarlarımı YAŞAT fonduna köçürürəm”. Çox gözəl və çox pakizə, xalq qəhrəmanlarını tanımalıdır...
Gələk “xatirat”ın kulminasiyasına və ya Anadolu türkləri demişkən, “zurnanın zırt dediği yer”ə: "Son qurultayda ədəbiyyatımızın qaymaqları toplaşmışdı. İndi Ramiz Rövşənə hücumlar edirlər. Ramiz Rövşən çox görkəmli şairdir, və bunu edənlər onun yanında açiz və çılızdırlar. Daha dərindən baxsaq xalqımızın düşmənləridirlər...” Rus variantında da Çingiz müəllimin pafosu pis deyil: “На последнем съезде был весь цвет нашей литературы. Сейчас нападают на Рамиза Ровшана. Он выдающийся поэт и все кто это делает - жалкие и ничтожные люди рядом с ним. А ещё больше - врагов нашего народа”.
Məncə, Azərbaycan variantı ruscanı üstələyir, çünki vaqiəyə “daha dərindən” baxılır və aciz-cılızlar düşmən kimi “ifşa” edilir...
Çoxdan dibə vurmuşuq, indi dibin dibini qaşıyırıq...
Yenə yada Sabir düşdü:
Zənn etmə ki, bu əsrdə avareyi-nanız,
Əvvəl nə idiksə, yenə biz şimdi həmanız...