• Bakı 19° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Rusiya-Ukrayna savaşı və ermənilər - Əkbər Qoşalı yazır
YAZARLAR
04 Mart 2022 | 10:44

Rusiya-Ukrayna savaşı və ermənilər - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Ermənilərin ən xarakterik özəllikləri nədir? – Etibarsızlıq, xəyanət, fürsətkarlıq.

Bəs hazırda dünya gündəmində “1 saylı” mövzu olan Rusiya-Ukrayna savaşına ermənilərin nə aidiyyatı vardır? – Deyim. –Harda bir qarışıqlıq, savaş varsa, oradan yararlanmaq, ümumən savaşlar çıxarmaq ermənilərçün əlçəkilməz işlərdəndir.

Əlbəttə, Rusiya-Ukrayna savaşı əvvəl-axır bir sona varacaq və hansı tərəfsə, öz üstünlüyünü qəbul etdirəcək. Bizim inamımız haqqın zəfər çalmasına köklənib (Könlümüz necə vurduğunu sosial şəbəkələrin Azərbaycan seqmenti də çox aydın göstərir). Ermənistan siyasi-hərbi rəhbərliyi və dünya erməniliyi isə qətiyyən haqqın zəfərində maraqlı deyil. Erməni marağı qalib gələn tərəfin yanında erməniləri müdafiə edən, yaxud özü erməni olan kimsələrin olması ilə sıx bağlıdır. Yəni, insani dəyərlər onlara vız gəlir – ölən ölsün, dağılan dağılsın, əsas olan ordan ermənilərin nə qazanmasıdır.

Təsəvvür edin: illər öncə Ukraynada rusyanlısı Yanukoviç hakimiyyəti devrilib, yeni hökumət qurulunca ən mühüm hüquq-mühafizə orqanlarından olan Daxili İşlər Nazirliyi bir erməniyə - Arsen Avakyana həvalə olundu. 2005-10-cu illərdə Xarkov vilayətinin qubernatoru, 2012-14-cü illərdə Ukrayna parlamentinin üzvü olan Arsen, 2014-cü ildə nazir kürsüsünə gətirildi. Başqa bir erməni – 1984-cü il doğumlu Mixail Bno-Ayriyansa 2 iyul 2019-cu ildə paytaxt Kiyevin də daxil olduğu Kiyev vilayətinə qubernator təyin edilib. O, 2010-13-cü illərdə Ukrayna xarici işlər nazirinin məsləhətçisi, 2015-16-cı illərdə Energetika nazirliyində departament rəhbəri olub. 2016-cı ildən etibarən “UkrEnerji” şirkətinə başçılıq edib. Tərs kimi hər ikisi də Bakı ermənisidir...

Belə misallar bir deyil-beş deyil. “İliçdən İliçədək” işləmiş Mikoyan keçmiş SSRİ rəhbərliyində necə uzunmüddətli fəaliyyət göstərmiş, öz şəxsi, milli-etnik maraqlarını hakim sosializm və beynəlmiləl maraqlardan üstün tutmağı bacarmışdısa, həm Qorbaçov həm də Yeltsinlə işləyən çoxsaylı ermənilər də eyni xətdə olmuşlar. Üstəlik, ermənilər qarşı duran tərəflərin yanında düşünülmüş, məqsədyönlü şəkildə yerləşdirilərək, kimin qalib gəlməsindən asılı olmayaraq, öz etnik və zərərli maraqlarını davam və inkişaf etdirmişlər. Əlbəttə, biz insanları milli, dini mənsubiyyətlərinə, öz xalqlarına bağlılıqlarına görə ittiham etmirik, ancaq bir xalqın ki “maraqlar”ı illa qan-qada, öldürmək, başqalarına aid olanları özününküləşdirmək ənənəsinə malikdir, o qəbul edilə bilməz.

Biz erməniləri tanıyırıq. Deməyim o ki, Azərbaycan ictimai fikrinin həmrəylik nümayiş etdirdiyi Ukrayna zəfər qazanacağı təqdirdə ermənilərin Kiyevdə, Ukraynada yeni mövqelər əldə etdiyini görsəniz, təəccüblənməyin. Hərçənd ermənilərin mütləq əksəriy­yətinin Rusiyanın zəfərində maraqlı olduğu mübahisə mövzusu deyil. Allah eləməmiş onların istəyi çin olsa, bu dəfə Azərbaycana qarşı yeni iddialar, siyasi-iedoloji basqılar yürütməyə çalışacaqlar. Erməni düyününə, erməni dolaşığına qarşı, beynəlxalq hüquq normaları ilə çıxış edən səmimi Azərbaycan ictimai-siyasi fikri bu gözləntilərə hazır olmaq zorundadır. Anadolulu qardaşlarımız demiş, ağlın yolu birdir.

Çox xoşdur ki, Azərbaycan ictimai-siyasi fikrini qidalandıran vətəndaş cəmiyyəti institutlarımız, özəlliklə media orqanlarımız Rusiya-Ukrayna savaşına münasibətdə düşünülmüş, praqmatik siyasət yürütmək, geosiyasi gerçəklikləri nəzərə almaq zəruriyyətini özəlliklə vurğulamaqdadır. Bu, ictimai fikrin dövlətin qərarlarına yüksək anlayışla yanaşmasınınn ifadəsidir. Ölkəni, xalqı təlatümlərdən sığortalamaq çağdaş dönəmin bəlkə də “1 saylı” görəvidir.

Etiraf edək ki, dost Ukraynada baş verənlər Azərbaycan Respublikası rəhbərliyinin nə dərəcədə doğru, düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləməkdədir. Tanrıdan gizli deyil, artıq bəndə də bilir ki, dost Ukraynanın indi yaşadıqları bizim də başımıza gələ bilərdi. Biz, əslində Ukrayndan illər öncə daha ağır, daha dolaşıq bir oyunla üz-üzə qalmışdıq. Getdikcə daha aydın görünür ki, biz, 30 illik işğala son verən müharibəyə başlamaqla, o qərarın zamanlaması, qərara xidmət edən çoxsaylı addımların atılması ilə mümkünsüzü mümkün etmişik. İndi 44 günlük müharibədə əldə etdiklərimizi qorumaq, ümumiyyətlə müstəqil­liyimizi, dövlətçiliyimizi qorumaq, gücləndirmək hər bizimizin mü­qəddəs görəvimizdir.

Bir daha düşünək: Azərbaycan Prezidenti 10 noyabr 2020-ci ildəki Üçtərəfli Bəyanata imza atmasaydı, məsələn, Xankəndiyə ordu yeritsəydik bizi hansı qacınılmaz mənzərə gözləyirdi? – Hərçənd bizim xankəndinə girmə haqqımız və gücümüz vardı amma bu gün Ukraynanın yanında olan Avropa, ABŞ bizim yanımızda yox, qarşımızda olacaqdı. – Təəssüf ki, bu belədir və biz artıq ağır sanksiyalar altındaydıq; yəqin ki Fransa, bəzi başqa Qərb ölkələri Xankəndindəki qondarma rejimi dövlət kimi tanıdığını açıqlayacaqdı. Üstəlik, Qərbin siyasi-iqtisadi basqısı azmış kimi, Rusiyanın hərbi təzyiqi gerçək deyildimi? Görün, Azərbaycanın dövlət ağlı necə uhulət-suhulət nümayiş etdirib ki, mümkün olan ən yaxşı nəticələrlə ölkəmizin maraqlarını qorumaq mümkün olub. İndi durum elədir ki, çox da uzaq olmayan qarşı dönəmdə Xankəndiyə Silahlı Qüvvələrimiz girmədən də, oralarda haqqın təntənəsini yaşayacağıq. Rusiya Ukraynaya hücumla sülhməramlı missiyasını da, tarixin arxivinə gömməkdədir. O qədər ağır sanksiyalar altında olan Rusiya iqtisadiyyatı fonunda, rəsmi Kreml öz qınına çəkilmə xəttinə vadar ola bilər. Belə olunca, Qafqazda arzulanan yeni geosiyasi gerçəkliklər çiçəkləyəcək. Ermənistan Rusiyanın geri çəkilməyə məcbur olduğu bütün mövqeləri Qərbin hesabına doldurmağa çalışacaq, əlbəttə. Əlbəttə, bizim də öz hesab-kitabımız var. Bizim də qardaş kimi qardaşımız, dost kimi dostumuz, qonşu kimi qonşumuz və “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqimiz olan əvəzsiz Türkiyəmiz var. Qafqazda bizim haqlı mövqeyimizlə razılaşmadan siyasət yürütmək mümkün olmayacaq. Dünya erməniliyi Rusiyadan boşalacaq mövqelərə kimisə axtarmaqdansa, adam balası kimi mehriban qonşuluğa çalışmalıdır. Sırf “Rusiyamı yoxsa Ukray­namı qalib gələcək?” suallarına həsr etdikləri vaxtı, enerjini Azərbay­canla, Türkiyə ilə qonşuluq etmə imkanlarına yönəltmək lazımdır.

Onu da vurğulayaq ki, Azərbaycan Respublikası BMT-dən sonra ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri, Türk Dövlətləri Təşkilatının qurucu üzvüdür və dünyada gedən proseslərə bu statuslar gərəyincə də baxmaqdayıq.

Bəli, Prezident İlham Əliyev bütün regional oyunçularla bərabər­hüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla ölkəmizi həm tarixi zəfərə qovuşdurdu, həm də mümkün geosiyasi təlatümlərdən sığortaladı. Bu mükəmməl dəngəli münasibətlər sistemi içində Ukrayna ilə də, Rusiya ilə də özünəməxsus münasibətlərimizi qorumaq haqqımz, gərəyimizdir. 90-cı illərdə yaşadıqlarımız, 30 il içində çəkdiklərimiz bizə yetər. Qərbi də tanıyırıq – qardaş Türkiyənin onillərdir Avropa Birliyinə qəbul etməyən, işğala məruz qalan tərəf biz ola-ola bizə “907-ci düzəliş”, Ermənistana böyük yardımlar ayıran Qərb zehniyyəti deyildimi? Hə, indi Ukraynanı müdafiə edirlər, çox yaxşı edirlər, hələ bir az da artıq müdafiə etməlidirlər. Bəs niyə daha öncədən müdafiə etmirdilər, illa da şəhərlər dağılmalı, evlər yıxılmalı, insanlar ölməliydi, sonramı hərəkətə keçməliydilər? İlla təhlükəni özləri üçün real saydıqdan sonramı canlarına istilik keçdi? 

Bir sözlə, Azərbaycan özünü hər cür siyasi avantüralardan qoruma haqqın sahibdir. Dövlətimizin verdiyi qərarlar dərin siyasi təhlilə əsas­lanır, qərarlar dönəmin gerçəklikləri gözönündə tutularaq, alterna­tivlərin ən yaxşısı seçilərək qəbul edilir. Milli maraqlara əsaslanan qə­rarları müzakirə etməkdənsə idrak etmək daha xeyirlidir.

Dövlətimiz zaval görməsin!

Bayrağımız uca olsun!


SON XƏBƏRLƏR

24 Aprel 2024