Vaxtilə Gənclər-İdman Nazirliyində çalışmışam, daha sonra bir idman federasiyasının idarə heyətinin üzvü olmuşam. Övladlarımın idmanla məşğul olması isə bu sahəni, belə deyək, ictimai məzmunu ilə yanaşı ailə müstəvisində də yaxından tanımaq imkanı verib.
Əlbəttə, iş bununla bitmir: az qala hər gün bir gözümüz idman xəbərlərindədir - bizimkilər haralarda, necə çıxış edib, dünya idman neydanlarında nə baş verir? və s və i... Bu baxımdan ölkədə idman təsərrüfatının gerçək durumu, meyilləri və xarakterik cəhətləri haqqında müəyyən təsəvvürüm var.
Məhz bu təcrübəyə söykənərək deyə bilərəm ki, İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycan idmanının inkişafı artıq qətiyyən müzakirə mövzusu deyil, danılmaz faktdır.
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı Azərbaycan idmanının dünəni bu günü və gələcəyi haqqında aydın düşüncələrə geniş meydan yaradır. Prezidentin iştirakı ilə hər ilin yekununda belə tədbirlərin təşkili, yeni ildən öncə, haqlı olaraq, idman bayramı təəssüratı yaradır - bayram bayrama qarışır.
Necə deyərlər, rəqəmlər strategiyanın aynasıdır.
Budur, 2025-ci ildə Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı təxminən 2025 medal, o cümlədən 600-dən artıq qızıl medal - ümumi nəticənin təqribən üçdə biri - idmançı zəhməti ilə yanaşı, ardıcıl və məqsədyönlü dövlət siyasətinin sonucudur. Bu sonuclar idmanın bizdə institusional əsaslar üzərində qurulduğunu göstərir.
Örnəyi, infrastrukturdan bölgələrə açılan yola bir göz ataq.
Bəli, idman infrastrukturu demək olar, sıfırdan qurulub. Prezidentin vurğuladığı kimi, bu gün paytaxtla yanaşı, bölgələrdə də Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir: Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi ilə bu obyektlərin sayı 46-ya çatıb. Bax, bu, idmanın bölgələrə daşınması və sosial əlçatanlığın təmin edilməsidir.
Elə bu amildən çıxış edərək, belə bir formul yaza bilərik: idman = sağlamlıq + vətənpərvərlik.
Azərbaycan modeli idmanı yalnız fiziki hazırlıq vasitəsi kimi yox, sağlam və vətənpərvər gəncliyin formalaşma mexanizmi kimi görür. Bu gün idmançı beynəlxalq arenaya çıxarkən öz şəxsi uğuru ilə yanaşı, qalib ölkənin bayrağını təmsil etdiyini də idrak edir. Zəfər sonrası dönəm bu məsuliyyəti daha da artırıb.
Beynəlxalq, bölgəsəl səviyyəli yarışların Bakıdan başqa bir neçə şəhərdə, o cümlədən Xankəndidə keçirilməsi Azərbaycanın təşkilati, təhlükəsizlik və infrastruktur imkanlarını nümayiş etdirdi. İlk dəfə Bakıda təşkil olunan UFC beynəlxalq turniri, və digər yarışlar idmanın artıq turizm və ölkə brendi ilə birbaşa bağlı olduğunu göstərdi. Təsadüfi deyil ki, beynəlxalq yarışlar ölkəmizə turist axınına təsirsiz ötüşmür.
Yəni beynəlxalq və bölgəsəl yarışların coğrafiyası da diqqət çəkir.
Şahdağda keçiriləcək Xizək üzrə Dünya Kuboku isə Azərbaycanın qış idmanı xəritəsinə rəsmi daxil olması deməkdir. Artan tras uzunluğu, yeni hotellər və özəl sektorun marağı idmanın bölgəsəl iqtisadiyyata təsirini açıq şəkildə göstərir.
Ayrıca, paytaxt Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi illərlə aparılan siyasətə verilən beynəlxalq qiymət kimi xarakterizəni haqq edir. Bu fəxarətdir, əlbəttə; əlbəttə, həm də gələcək üçün məsuliyyətdir: əldə olunan səviyyəni qorumaq və daha da yüksəltmək məsuliyyəti!
Beləliklə, Azərbaycan idmanı artıq təşəbbüs mərhələsini keçib. Bu gün o, dövlət strategiyası, milli ruh və davamlı idarəetmə üzərində qurulan bir modeldir.
Bayrağımız uca olsun!
Bakıvaxtı.az
Bakı 












