• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

TAM QƏLƏBƏ - o necə mümkün olur?.. - Əkbər Qoşalı yazır
YAZARLAR
09 Yanvar 2026 | 17:08

TAM QƏLƏBƏ - o necə mümkün olur?.. - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Qarabağda əldə olunan Zəfər tarixin status-kvo ilə “barışmayan” iradəyə verdiyi möhtəşəm cavabdır. Bu qələbə “qismən”, “şərti”, “mübahisəli”, “boz bölgə”li deyil; məhz tam xarakter daşıyır. Çünki həm hərbi, həm hüquqi, həm də siyasi müstəvidə geridönməz sonuclar var.

Müharibələrdə tez-tez belə olur: cəbhədə üstünlük əldə edilir, amma siyasi masada nəticə “yumşaldılır”, ya da münaqişə başqa adla davam edir. Qarabağda isə proses əksinə getdi:

- 44 günlük müharibə ilə strateji üstünlük təmin olundu;

- sonrakı mərhələdə ardıcıl addımlarla suverenlik boşluqları qapadıldı;

- anti-terror əməliyyatı ilə separatçı qurumun varlığına son qoyuldu;

- nəticə daxili hüquq müstəvisində (ədalət mühakiməsi) tamamlandı.

Bax, bu baxımdan, bizim qələbə ərazi qazanımı olmaqdan daha üstün – dövlətin konstitusion suverenliyinin bütün ölkə ərazisində təminidir.

Belə tam qələbələr, əlbəttə, lider–xalq–ordu sinerjisi ilə - “bir yumruq” faktoru ilə şərtlənib, Dəmir Yumruğa dönüşür.

Bəli, bizim qələbəni üstün qılan əsas dayaqlardan biri də ümummilli həmrəyliyimizdir. “Bir yumruq” ifadəsi burada bədii metafor yox, gerçək siyasi-sosial mexanizmdir. Həmin o mexanizm milli səfərbərlik ruhu, informasiya və diplomatiya cəbhəsində birlik, ordunun peşəkarlığı və döyüş əzmi, rəhbərliyin strateji qərarvermə qabiliyyəti sayəsində vahid iradəyə çevrildi və bu, qəti sonuca gətirib çıxardı.

“Tam qələbə” varsa, “yarımçıq qələbə” də vardır. Bəs o necə olur?

Tarixdə çox “qələbə” adlandırılan, amma nəticəsi mübahisəli qalan müharibələr var, müəyyən ərazi əldə olunur, lakin status məsələsi açıq qalır, separatizm dondurulmuş münaqişə kimi yaşayır, beynəlxalq vasitəçilik sonsuz, üzücü prosesə çevrilir.

Qarabağda isə belə olmadı. Qələbəmiz “müvəqqəti rejim”ə çevrilmədi, “dondurulmuş münaqişə” saxlanmadı, “xüsusi status” kimi təhlükəli siyasi tələlərə düşmədik və s.

Azərbaycan həmin “yarımçıq qələbə” sindromunu, bununla da “boz bölgə”ləri tarixin arxivinə göndərdi.

2025-ci ilin avqustundakı bəlli Vaşinqton paraflanmasını vurğulayaq. - O paraflanma qələbənin siyasi müstəvidə həkk olunmasıydı.

Vaşinqtonda sülh sazişinin paraflanması bizim qələbənin siyasi müstəvidə “həkk olunması” kimi tanıdılmağı haqq edir. Bu, önəmli məqamdır: hərbi qələbə “nəticə”dir, amma siyasi paraf – nəticənin beynəlxalq-siyasi formatda tanınma trayektoriyası deməkdir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanvarın 5-də yerli TV-lərə müsahibə verərkən dediyi sözlərə diqqət edək: “…2022-ci ilin oktyabrında Ermənistan Qarabağı rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanıdı.

Bu, vacib idi, amma hələ hər şey deyildi, çünki hamısı, sadəcə, sözdə idi, lakin əməldə hər şey davam edirdi. Mina tədarükü, hərbi qulluqçuların rotasiyası, ordunun maliyyələşdirilməsi, silah tədarükü - bütün bunlar Qarabağın rəsmi olaraq Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq davam edirdi. Sonra həm Ermənistanla şərti sərhəddə, həm də Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə başqa tədbirlər görməyə məcbur olduq. Həm də bunu heç kimə və heç nəyə məhəl qoymayaraq etdik, çünki etməli olduğumuzu bilirdik. Əgər bunu etməsəydik, heç bir 8 avqust olmazdı”. 

Bəli, Qarabağ Zəfəri təkcə meydanda qazanılmadı; o, həm də diplomatiyada möhkəmlənən gerçəkliyə çevrildi. 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

09 Yanvar 2026