• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Ürəyi dərdindən böyük qardaşım -Əkbər Qoşalı yazır 
YAZARLAR
11 Fevral 2023 | 23:07

Ürəyi dərdindən böyük qardaşım -Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 6 gün keçir. Azərbaycan ilk saatlardan səfərbərdir; hər birimiz nələrsə edir, düşünür, fikrləşir, addımlar atırıq. Ötən günlər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını dosta da, dost ola bilməyənlərə də bir daha göstərdi.

Bu gün, həyat yoldaşımla birgə Heydər Əliyev adına İdman-Konsert Kompleksindəydik. Azərbaycan və Türkiyə könüllülərinin fədakarcasına, axşam-sabah, gecə-gündüz demədən necə şövqlə çalışdığını bir daha gördük. Bu qardaşlıq mənzərəsinə bir daha tanıq olmaq, arasıkəsilmədən yardımlar gəldiyini, çeşidləndiyini və göndərimə hazır duruma gətirildiyini izləmək kədərimizin içindən işıq seli kimi keçdi.

Bilirsiz, indi yalnız qardaş ölkələr deyil, yaxın-uzaq ölkələrin çoxu Türkiyəyə hansısa formada dəstək durur. Ölkə var bunu elhüzərə edir; ölkə var öz gələcək problemlərində güclü Türkiyənin də yanında olmasını düşünərək addım atır; bir başqası beynəlxalq birliyin gözündə ucalmaq istəyir; başqa bir ölkədən dövlət dəstəyi var xalq dəstəyi zəifdi; 

xalq yardımı olan ölkə var, dövləti parlaq davranmır və s. Azərbaycanda Türkiyə ilə yardımlaşma tamamilə fərqlidir, üstündür, əvəzsizdir: biz ali dövlət rəhbərliyindən tutmuş ən ucqar köydəki ən kasıb vətəndaşımıza qədər ürəyimizin səsi, vicdanımızın hökmü ilə hərəkət edirik. Biz zəlzələ bölgəsində ən peşəkar xilasedicilərlə, yardımlaşmada manqal ürəklə - elliklə iştirak edirik. Türkiyə bizim özümüzdü! Zəlzələ Türkiyədə baş versin ya Azərbaycanda - prinsipial fərqi yoxdur bizimçün: hər ikisi öz vətənimizdir! Kahramanmaraşla Şamaxının nə fərqi? - İkisi də bizimdir. Zəlzələ Hatayda olmuş ya Xaçmazda, Osmaniyyədə olmuş yainki Tovuzda - hər ikisində olan mənə olur… 

2020-ci ildə Tovuz döyüşlərində, sonra 44 günlük müharibədə Türkiyə Azərbaycanla bir can oldu, elə Azərbaycan oldu;

2021-ci ildə Türkiyəmizin 53 vilayətini bürüyən orman yanğınlarında olduğu kimi bu aykı dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında da ilk saatlardan Azərbaycan Türkiyə oldu! Belə örnəklər əcdadımızın ruhunu şad edir, bu günümüzü şəkilləndirir, gələcək nəsillərə yol xəritəsi cızır.

Dünya bu dəhşətli zəlzələnin qardaşları necə 

möhkəm birləşdirdiyini görür. 

Dünya birliyi türkün dəyanətinə 

canlı tanıqlıq edir.

Beynəlxalq aləm görür ki, enerjisi 500 (!!!) atom bombası təsirinə bərabər olmuş zəlzələ 

bizim dizimizi yerə gətirə bilmədi.

Toparlanırıq. 

Yaralarımızı saracağıq, böyük gələcək quracağıq. 

Bir daha Bir olacaq, İri olacaq, Diri olacağıq! 


SON XƏBƏRLƏR