• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gellaklar dəri xərçənginə yol açır - Mütəxəssislərdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

18 Avqust 2023 | 16:09

Gellaklar dəri xərçənginə yol açır - Mütəxəssislərdən XƏBƏRDARLIQ

"Gellak (qalıcı dırnaq boyası) kimyəvi maddələrdən ibarət olan, dırnağa isə az və ya çox dərəcədə zərər verən məshuldur".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında kosmetoloq-dermatoloq Aygün Mustafayeva deyib. Onun sözlərinə görə, istehsal olunan firmadan asılı olaraq gellakların keyfiyyəti də dəyişir.

Gellakın tərkibində olan kimyəvi maddələr allergik təsir göstərə bilər. Eyni zamanda endokrin sistemin işini poza bilir:

"Gellaklar davamlı istifadə zamanı dırnaq lövhəciyinin qidalanmasına mane olur. Dırnaq uzandıqca gelin ağırlığı dırnaq ucuna düşür. Və nəticədə dırnağın defformasiyasina gətirib çıxara bilir".

Aygün Mustafayeva, Kosmetoloq-dermatoloq

Kosmetoloqun sözlərinə əsasən, gellakı dırnaqda maksimum 3 həftəyə qədər saxlamaq olar. Artıq saxladıqda dırnaq lövhəciyi qırılıb, ovalanır.

"Qaldı ki, dırnaq aparatına, burada ultrabənövşəyi şüalar nəticəsində dırnağı qurudur. Sözügedən aparatda dırnağın uzun müddət saxlanılması, tez-tez istifadə edilməsi ziyandır.
Mütləq dırnaq ustası professional olmaldır",-deyə A.Mustafayeva bildirib.

Gellakı dırnaqdan çıxaran zaman dırnaq səthi zədələnə bilər. Bu səbəbdən daha diqqətli olub, ehtiyatlı davranmaq önəmlidir: "Əks halda yumşaq toxunmaya təsir göstərə bilər, müxtəlif növ infeksiyaların yaranmasına, dırnaq göbələyinə gətirib çıxarar".

Aygün Mustafayevaya görə, gellakın müsbət tərəfi odur ki, dırnağı xarici təsirlərdən qoruyur. Həmçinin müxtəlif növ estetik görüntüləri ilə göz oxşayır.
Buna baxmayaraq yenə də davamlı istifadə etmek doğru deyil.

Dermatoveneroloq Əli Hətəmov da Bakıvaxtı.az-a bildirib  ki, gellakların düzgün istifadə edilməməsi gələcəkdə dəri xərçənginə gətirib çıxara bilər.

Əli Hətəmov, Dermatoveneroloq

Onun sözlərinə görə, dırnaq boyalarının tərkibində kimyəvi maddələr olduğu üçün dırnağa müəyyən qədər təsir göstərə bilir. Bu prosesi həyata keçirən şəxs, yəni dırnaq ustaları yetəri qədər professional olmalıdırlar: "Gellər düzgün istifadə edilməyəndə dırnaqda müxtəlif xəstəliklərin və göbələyin yaranma ehtimalı yüksəkdir. Dırnağın və yaxud ətraf dərisinin zədələnməsi infeskiyaya gətirib çıxara bilər. Müxtəlif xəstəlik və virusların yayılması dırnaqdan başladığı üçün, daha diqqətli olmaq lazımdır".

Yaş faktorlarına nəzər saldıqda isə uşaq yaşlarında dırnaq daha kövrək olur və zərərləri daha çox özünü göstərir: "Yaş artdıqca dırnağın davamlılığında da artım müşahidə olunur. Artıq kifayət qədər yeniyetmələr də gellak boyalardan istifadə edir. Lakin davamlı istifadəsi müxtəlif fəsadlar törədə bilər”.

Həkim gellakları dırnaqdan çıxaran zaman da diqqətli olmağı məsləhət görür. Deyir ki, əks halda dırnaq üstü zədələnə bilər və dırnaq deformasiyaya uğrayar.

“Dırnağın qurudulması zamanı da diqqətli olmaq lazımdır. Ultrabənövşəyi şüalar hüceyrə ölümünə gətirib çıxara bilər. Və bu da gələcəkdə dəri xərçəngi olma ehtimalını artıra bilir", deyən Əli Hətəmov onu da qeyd edib ki, dırnaqlar üçün xüsusi kremlər və yağlar var ki, onların istifadəsi həm gigyenik baxımdan, həm də dırnağın sağlamlığı baxımından təsirlidir.

 Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026