Cənub-Şərqi Asiya ölkəsi Kambocada 7 ildən sonra ilk Zika virusuna yoluxma halı aşkarlanıb.
Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Kamboca Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilir. Qeyd olunur ki, bu, ölkədə 2016-cı ildən bəri ilk Zika virusuna yoluxma halıdır.
Açıqlamaya görə, Kampong Thom bölgəsində 7 yaşlı bir qız denq qızdırması şübhəsi ilə sentyabrın 18-də xəstəxanaya yerləşdirilib, sentyabrın 21-də analizinin nəticəsi Zika virusuna yoluxduğunu təsdiqlətib.
Zika virusunun hamilələrə yoluxduğu halda ölü doğuşa səbəb ola biləcəyi də vurğulanır. İnfeksiya əlamətləri göstərənlərin dərhal səhiyyə müəssisəsinə müraciət etmələri tövsiyə olunur. Açıqlamada virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd edilib.
Zika virusu insanlara “Aedes” ağcaqanadlarının dişləməsi ilə keçir. Qanla, cinsi əlaqə zamanı və anadan körpəyə keçdiyi təsbit edilən Zika virusu ilk dəfə 1947-ci ildə Uqandanın Zika meşələrində meymunlarda aşkar edilib.
Qızdırma, gözlərin qızarması, qusma, səpgi, baş, əzələ və oynaq ağrıları kimi əlamətlər göstərən xəstəliyin spesifik müalicəsi və profilaktik peyvəndi yoxdur. Digər tərəfdən, Zika infeksiyası olan xəstələr, adətən, bir həftə ərzində sağala bilir və virusa bağlı ölüm nisbətinin aşağı olduğu bildirilir.
Ay Tac