• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

71 yaşlı şəxs: "Dostlarımın əli ilə cinayət məsuliyyətinə cəlb olundum"

HADİSƏ

22 Aprel 2025 | 10:02

71 yaşlı şəxs: Dostlarımın əli ilə cinayət məsuliyyətinə cəlb olundum

Dələduzluqda təqsirləndirilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Nazim Xudaverdiyev özünü təqsirli bilməyib. O, dostları ilə birgə iş gördüyünü, sonradan onların da əli ilə cinayət məsuliyyətinə cəlb edildiyini deyib.

N.Xudaverdiyevin sözlərinə görə, birinci dəfə bu işlə bağlı onu Xaçmaz Rayon Prokurorluğuna çağırıblar. Həmin vaxt ona şahid kimi bir neçə sual veriblər. Bildiriblər ki, sənin sənin bir təqsirin yoxdur. Bir müddət sonra prokurorluq cinayət işinin başlanmasını rədd edib:

“Keçmiş dostlarımın da köməkliyi ilə nəhayət təqsirləndirilən şəxs oldum. Amma mənim heç bir təqsirim yoxdur. İfadə verən şahidlər və zərərçəkmişlərin də ziddiyyətli ifadələrindən bu təsdiq olunur.”

Nazim Xudaverdiyevin hüquqlarını vəkil Esmira Tağıyeva müdafiə edir.

Müvəkkili ifadə verərkən xanım vəkil müxtəlif epizodlar üzrə sübutlarını tək-tək məhkəməyə təqdim edib. Vəkil xüsusilə Xaçmaz Rayon Prokurorluğunun cinayət işinin başlanmasından imtina edilən qərara diqqət çəkib. Hansı ki, həmin qərarda qeyd olunur ki, şikayət araşdırılıb.

Tərkib olmadığı üçün cinayət içinin başlanması rədd edilib. Bundan əlavə sözügedən cinayət işi üzrə mübahisələndirilən məsələlərə dair qəbzlər, ödəniş sənədləri və ödənişə dair digər sənədlər də hər biri Nazim Xudaverdiyevin təqsirsizliyini bir daha təsdiq edir.

İş üçün əsas məqamlardan biri isə hakim qarşısında dindirilməsi vacib olan şahidlərin yayınmaları və məhkəməyə saxta teleqram ünvanlamaları ilə bağlıdır.

“Şahid Elman Bilalov və Azər Abdullayev dəfələrlə məhkəməyə dəvət olunsa da iştirakdan yayınırlar. Hətta onların adından məhkəməyə saxta teleqramlar da vurublar. Bu da məhkəməni yanıltmaq cəhdidir. Həmin şəxslər Azərbaycanda olmasalar da Quba və Xaçmaz rayonlarında teleqramları gəlib. Bu necə ola bilər? Biz dəqiqləşdirmişik ki, onlar bir neçə il əvvəl ölkədən çıxıb, hələ də qayıtmayıblar. Xüsusilə bu məsələyə diqqət çəkilməsini istəyirəm. Məhkəməyə saxta sənəd göndərilməsindən söhbət gedir. Bununla bağlı zərərçəkmiş tərəf də bir münasibət bildirməyib. Belə olan halda həmin sənədin mötəbərliyi böyük şübhə doğurur.”

Prosesin davamında təqsirləndirilən şəxs digər epizodlar üzrə də ətraflı ifadə verib, bu iş üzrə təqsirsizliyini sübut edən məsələlərə toxunub.

Müdafiə tərəfinin sübutlarının təqdimatı bir iclasda yekunlaşmayıb.

Qeyd edək ki, Nazim Xudaverdiyev “Our Orchards” MMC-nin idarə heyətinin sədri olub. İttihama görə, o, sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub. N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.


SON XƏBƏRLƏR