• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

ABŞ-İsrail-İran üçbucağında çıxılmazlıq: Danışıqlar niyə dalana dirənib?

SİYASƏT

09 Iyun 2026 | 12:45

ABŞ-İsrail-İran üçbucağında çıxılmazlıq: Danışıqlar niyə dalana dirənib?

ABŞ Prezidenti Donald Trampın yaxın iki həftə ərzində Vaşinqtonla Tehran arasında böyük bir sazişin imzalana biləcəyi və İranın nüvə silahından imtina daxil olmaqla bütün şərtləri qəbul etməyə hazır olduğu barədə bəyanatı beynəlxalq gündəmi silkələyib. Ağ Ev rəhbərinin bu iddialı və optimistik çıxışı Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı, tərəflərin bir-birinin hərbi obyektlərinə qarşılıqlı zərbələr endirdiyi bir vaxtda ciddi suallar doğurur.

Xüsusilə regional reallıqlar, Hörmüz boğazı ətrafındakı strateji qarşıdurma və ABŞ-İsrail xəttindəki fikir ayrılıqları fonunda bu bəyanatların nə dərəcədə real arqumentlərə əsaslandığı birmənalı qarşılanmır.

Bəs Ağ Ev rəhbərinin qeyd etdiyi kimi, İran doğrudanmı ABŞ-nin bütün ağır tələblərini yerinə yetirməyə hazırdır? İki ölkə arasında yaxın iki həftədə tarixi bir razılaşma olacaq, yoxsa bu bəyanatlar sadəcə zaman qazanmaq və daxili auditoriyaya hesablanmış diplomatik manevrdir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu tipli bəyanatlar verməsinə və hakimiyyətə gəldikdən sonra müxtəlif dövlətlərlə, xüsusilə də İranla bağlı ziddiyyətli proqnozlar səsləndirməsinə dəfələrlə şahid olmuşuq. Həmin proqnozlar çox vaxt elə İran tərəfindən də təkzib edilib. Müsahibimiz indi də analoji vəziyyətin yaşandığını düşünür:

"Əslində, Donald Tramp həqiqətən də Yaxın Şərqdəki bu müharibənin Amerika üçün bitməsini istəyir, lakin prosesdən əli boş çıxmaq niyyətində deyil; mütləq hansısa siyasi dividend əldə etməyə çalışır. Bu reallıq onun hərəkətlərində, eləcə də ABŞ ilə İsrail, konkret olaraq Donald Tramp ilə Benyamin Netanyahu arasındakı fikir ayrılıqlarında da açıq görünür. İsrail tərəfi müharibənin davam etdirilməsini, ABŞ isə hərbi əməliyyatların daha tez və məhz Vaşinqtonun diktə etdiyi şərtlərlə bitməsini istəyir".

Politoloqun sözlərinə görə, Trampa inansaq, guya İran tərəfi hər şeyə, o cümlədən nüvə silahından və uranın zənginləşdirilməsindən imtina etməyə hazırdır:

"Lakin mən bu fikirlərin reallıqdan tamamilə uzaq olduğunu düşünürəm. Əgər belə bir razılıq olsaydı, bunu elan etmək üçün iki həftə gözləməyə ehtiyac qalmazdı. Çünki Fars körfəzi ətrafında ABŞ donanmasının saxlanılması və bu hərbi hazırlıqların davam etdirilməsi Vaşinqtona çox böyük maliyyə vəsaiti hesabına başa gəlir".

Həmsöhbətimiz vurğulayıb ki, əgər İran Trampın dediyi kimi zənginləşdirilmiş uranın təhvil verilməsinə və nüvə proqramından imtinaya razıdırsa, onda sual olunur: niyə danışıqlar prosesi dalana dirənib və tərəflər arasında heç bir rəsmi görüş keçirilmir?

Xəyal Bəşirov qeyd edib ki, hazırda tərəflər sadəcə qiyabi şəkildə bir-birlərinə ağır şərtlər irəli sürürlər və görünən odur ki, heç bir tərəf öz prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil. İran özünün zənginləşdirilmiş uranı təhvil verməsi məsələsinin ümumiyyətlə müzakirə mövzusu olmadığını qətiyyətlə dilə gətirir. Hətta Hörmüz boğazının bağlanması prosesindən sonra uran məsələsi müəyyən mənada ikinci plana keçib və bu barədə heç bir müzakirə aparılmır. İndiki böhranın əsas səbəbi isə ABŞ-nin regionda həyata keçirdiyi hərbi hücumlar oldu:

"Hesab edirəm ki, Donald Trampın bu bəyanatları həm beynəlxalq, həm də daxili ictimaiyyəti razı salmaq, qismən enerji bazarlarına təsir etmək və ABŞ donanmasının regionda boşuna gözləmədiyini əsaslandırmaq məqsədi daşıyır. Bununla belə, ABŞ və İsrail arasında ciddi fikir ayrılığı varmı? Bəli, var və bu, açıq şəkildə ortadadır. Xüsusilə son zamanlar Donald Trampın Benyamin Netanyahu haqqında səsləndirdiyi kəskin fikirlər, kəşfiyyat dinləmələri ilə bağlı iddialar və digər məsələlər bu çatların daha da dərin olduğunu göstərir".

Müsahibimizin sözlərinə görə, İran tərəfi artıq anlayır ki, bu danışıqlar prosesi faktiki olaraq müharibənin dayanmasına xidmət etmir. Baxmayaraq ki, hər iki tərəf rəsmi şəkildə dialoqda maraqlı olduğunu deyir, lakin bu ssenaridə vaxt qazanmaq daha çox ABŞ və İsrailin işinə yarayır. Çünki İsrailin bu günə qədər apardığı müharibələrin tarixinə nəzər salsaq, ABŞ-nin dəstəyi ilə həyata keçirilən ildırımsürətli, bir neçə günlük və ya saatlıq əməliyyatların onların hərbi strategiyasına uyğun olduğunu görərik. Uzunmüddətli müharibələr isə onların maraqlarına cavab vermir:

"ABŞ-nin Vyetnamda, Əfqanıstanda və İraqda uzunmüddətli müharibələrdə hansı uğursuzluqlarla üzləşdiyini görmüşük. Bu regiondakı ssenari də onlardan fərqli olmayacaq; uzunmüddətli hərbi qarşıdurma Vaşinqtona həm nəhəng resurslar hesabına başa gələcək, həm də heç bir real nəticə verməyəcək.

Ona görə də danışıqlar masasında nə İranın zənginləşdirilmiş urandan imtina etməsi, nə də Hörmüz boğazı ilə bağlı geri addım atması real görünmür. Tehran uran məsələsini müzakirə etmək istəmir, əksinə, Hörmüz boğazında öz suveren hüquqlarının legitimliyini ortaya qoyur, dondurulmuş maliyyə vəsaitlərinin üzərindən məhdudiyyətlərin götürülməsini və bütün cəbhələrdə hərbi təzyiqlərin dayandırılmasını tələb edir. İran bu şərtlərdən geri çəkilmədiyini nümayiş etdirir. Çünki ABŞ bu şərtləri qəbul edəcəyi təqdirdə İrana və onun regional gücünə boyun əymiş olacaq".

Xəyal Bəşirov vurğulayıb ki, İsrail isə bu danışıqlar prosesində ümumiyyətlə yoxdur, çünki diplomatik dialoq Təl-Əvivin maraqlarına tamamilə ziddir. İsrailin tək bir məqsədi var: İran hərbi cəhətdən vurulmalı, zəiflədilməli və ya mövcud rejim devrilərək yerinə Qərbə və İsrailə loyal bir hakimiyyət gətirilməlidir:

"ABŞ-İsrail-İran münasibətlərindəki gərginliyin çıxılmaza dirənməsinin və dalana dirənməsinin əsas fundamental səbəbi də məhz budur".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026