Fransa Prezidentinin diplomatik müşaviri Bertrand Buhvalterin Bakıya son səfəri ilk baxışdan iki ölkə arasında gərginliyin azaldılması istiqamətində atılmış mühüm diplomatik addım kimi qiymətləndirildi.
Səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşlər, həmçinin Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun ikitərəfli münasibətlərin inkişafı ilə bağlı nikbin açıqlamaları müəyyən qədər müsbət gözləntilər yaratdı. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, Parisin verdiyi siyasi mesajlarla atdığı praktiki addımlar arasında ciddi uyğunsuzluq qalmaqdadır.
Əslində son aylarda Fransa-Azərbaycan münasibətlərində əsas problem diplomatik dialoqun olmaması deyil, qarşılıqlı etimadın zəifləməsidir. Azərbaycan hesab edir ki, Fransa Cənubi Qafqazda neytral vasitəçi kimi çıxış etmək iddiasını davam etdirsə də, Ermənistanla hərbi əməkdaşlığını genişləndirməsi, Avropa İttifaqının Ermənistan tərəfində yerləşdirilmiş müşahidə missiyasına açıq siyasi dəstək verməsi və Qarabağ mövzusunda mütəmadi şəkildə birtərəfli yanaşmalar sərgiləməsi bu iddianı zəiflədir. Məhz bu səbəbdən Fransa Xarici İşlər Nazirliyinin Qarabağla bağlı son açıqlamaları Bakıda növbəti etiraz dalğasına səbəb oldu və Azərbaycan Xarici İşlər Nazirliyi bunu açıq şəkildə qərəzli mövqe kimi qiymətləndirdi.
Bunun ardınca Fransada qondarma “artsax” qurumunun keçmiş nümayəndələrinin yenidən beynəlxalq mediada çıxış etməsi diqqət çəkdi. Beynəlxalq hüquqa görə artıq mövcud olmayan və heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimin təmsilçilərinin Fransa mediasında platforma əldə etməsi təsadüfi hadisə kimi görünmür. Çünki 2023-cü ildən sonra separatçı layihənin siyasi mövcudluğu başa çatsa da, informasiya müstəvisində yeni taktika seçilib. Artıq əsas məqsəd “müstəqillik” ideyasını deyil, Azərbaycanı guya beynəlxalq hüququ pozan tərəf kimi təqdim etmək, keçmiş separatçıları isə humanitar faciənin simvoluna çevirməkdir. Bu, hərbi məğlubiyyətdən sonra informasiya müstəvisində aparılan mübarizənin davamı kimi qiymətləndirilə bilər.
Burada diqqət çəkən məqamlardan biri də Fransanın özünün daim beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini vurğulamasıdır. Lakin eyni zamanda heç vaxt tanınmamış və artıq mövcud olmayan bir qurumun nümayəndələrinin siyasi dairələrə çıxış imkanları əldə etməsi, müxtəlif tədbirlərdə iştirak etməsi və mediada geniş tribuna qazanması bu prinsipial mövqelə ziddiyyət təşkil edir. Bu, istər-istəməz Fransanın Cənubi Qafqaz siyasətində ikili standartlar tətbiq etdiyi barədə fikirləri gücləndirir.
Digər tərəfdən, Paris Ermənistanla hərbi əməkdaşlığını da davam etdirir. Son iki ildə Fransanın Ermənistana müdafiə texnikası və silah sistemləri təqdim etməsi regionda yeni müzakirələr yaradıb. Azərbaycan bu prosesi sülh müqaviləsinin imzalanmasına xidmət edən addım kimi deyil, Ermənistanın hərbi potensialının artırılması və revanşist dairələrin ruhlandırılması kimi qiymətləndirir. Məhz buna görə də Bakıda hesab olunur ki, Fransa bir tərəfdən sülh təşəbbüslərini dəstəklədiyini bəyan edir, digər tərəfdən isə həmin sülh mühitini zəiflədən siyasi və hərbi addımlar atır.
Fransanın son davranışı həm də onun vasitəçilik imkanlarına təsir göstərir. Vasitəçi statusu yalnız siyasi bəyanatlarla deyil, tərəflərin etimadı ilə ölçülür. Əgər tərəflərdən biri vasitəçinin qərəzsizliyinə şübhə ilə yanaşırsa, həmin ölkənin prosesə təsir imkanları da məhdudlaşır. Azərbaycanın son dövrdə Fransa ilə bağlı sərt bəyanatları da məhz bu etimad böhranının nəticəsidir.
Maraqlıdır ki, Fransa öz milli maraqlarına toxunan oxşar məsələlərdə tamamilə fərqli mövqe tutur. Paris Yeni Kaledoniya kimi öz dənizaşırı ərazilərində separatçı meyllərə xarici siyasi dəstəyi qəbuledilməz hesab edir və buna sərt reaksiya verir. Bu baxımdan Azərbaycanda haqlı olaraq belə bir sual yaranır: əgər Fransa öz ərazi bütövlüyü ilə bağlı məsələlərdə belə həssasdırsa, niyə Azərbaycanın suverenliyi ilə bağlı analoji yanaşmanı nümayiş etdirmir? Beynəlxalq hüququn prinsipləri bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalıdır.
Bütün bunlara baxmayaraq, Fransa Prezidentinin diplomatik müşavirinin Bakıya səfəri göstərir ki, Paris Azərbaycanla münasibətlərin tamamilə pozulmasında maraqlı deyil. Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazın nəqliyyat marşrutları, Orta Dəhlizin inkişafı və regionun geosiyasi əhəmiyyəti Fransanı Bakı ilə dialoqu davam etdirməyə məcbur edir. Lakin diplomatik görüşlərin müsbət atmosferi yalnız konkret siyasi addımlarla müşayiət olunarsa, real nəticə verə bilər.
Hazırkı mərhələdə Fransa qarşısında mühüm seçim dayanır. Əgər Paris həqiqətən də Cənubi Qafqazda uzunmüddətli sülhün tərəfdarıdırsa, o zaman regionda formalaşmış yeni siyasi reallığı qəbul etməli, separatçı gündəmin informasiya platformalarına çevrilməsinə imkan verməməli və bütün tərəflərə eyni hüquqi prinsiplərlə yanaşmalıdır. Əks halda, Fransa-Azərbaycan münasibətlərində zaman-zaman səsləndirilən nikbin bəyanatlar diplomatik nəzakətdən kənara çıxmayacaq və tərəflər arasında etimad böhranı davam edəcək.
Züriyə Qarayeva
Bakı 



