Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib.
Bakıvaxtı.az xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb.
Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildirib ki, həyat yoldaşının vəfatından sonra peşəsini hərbçiliyə dəyişib:
“Həyat yoldaşımla kollecdə tanış olmuşduq. Hələ də bizim sevgimizdən danışırlar. Deyirlər ki, bir Elçin-Günel var idi, bir-birlərini çox sevirdilər. Həyat yoldaşım şəhid olandan sonra mən yolumu dəyişdim, hərbiyə getdim. Düzdür, burada da tibb sahəsindəyəm. Yoldaşımdan sonra sanki 30 il qocaldım... Sevdiklərin üçün ayaqda durmalı olursan.
Üç qız anasıyam. Böyük qızımın 18 yaşı var və tələbədir. Öz biznesini qurmaq istəyir. Ortancıl qızım memar, kiçik qızım isə atası kimi diş həkimi olmaq istəyir. Mən sadəcə qızlarım üçün ayaqda dayanmıram, bu həm də yoldaşıma verdiyim bir sözdür”.
Qeyd edək ki, Mirzəyev Elçin Maqsud oğlu 2020-ci il oktyabrın 10-u Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bakı 



