Məlum olduğu kimi, avqustun 12-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 19-dək aparılacaq.
Hər il olduğu kimi, bu il də minlərlə abituriyent gələcək taleyini müəyyənləşdirəcək doğru qərarı verməyə çalışır. Lakin seçimlər zamanı edilən kiçik bir dikqətsizlik abituriyentin topladığı balın batmasına və ya arzu etmədiyi ixtisasa qəbul olunmasına gətirib çıxara bilər.
Bəs ixtisas seçimi zamanı abituriyentlər hansı vacib məqamlara diqqət yetirməli, hansı səhvlərdən yayınmalıdırlar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elmin Nuri ixtisas seçimi zamanı həm ümumi, həm də cari il üçün xüsusi xarakter daşıyan "qızıl qaydalar"a riayət etməyi tövsiyə edib.
Onun sözlərinə görə, ən başlıca məsələ son qərarın abituriyentin özü tərəfindən verilməsidir:
"Mütəxəssis və ya valideynlərlə məsləhətləşmək mümkün olsa da, təhsil taleyi ilə bağlı yekun seçimi abituriyent şəxsən etməlidir. Təcrübədə ixtisas seçimi zamanı abituriyentlərin prosesə tamamilə laqeyd yanaşması hallarına rast gəlinir ki, bu da ilk və ən böyük səhvlərdən biridir".

Elmin Nuri: IV qrup abituriyentləri seçimlərini olduqca həssaslıqla aparmalıdırlar
Cari ilin ixtisas seçimi xüsusiyyətlərinə gəlincə, ekspert bildirib ki, I ixtisas qrupunun Rİ (riyaziyyat-informatika) altqrupunda yeni qərara əsasən 150 ballıq ixtisasların siyahısı genişləndirilib. Lakin abituriyentlər nəzərə almalıdırlar ki, 150 bal həmin ixtisasların keçid balı deyil, sadəcə bloka keçid şərtini ödəyənlərin (blok imtahanında 100 balı keçənlər) seçə biləcəyi qrupun adıdır. RK (riyaziyyat-kimya) altqrupunda vəziyyət nisbətən rahat olsa da, orta ballarda arxayınlaşmaq olmaz. Yeni daxil edilən 150 ballıq ixtisaslara müraciət çox olacağından, əvvəlki illərin 150 ballıq ixtisasları kölgədə qala bilər.
Təhsil eksperti vurğulayıb ki, II ixtisas qrupu üzrə bu il ümumi vəziyyət nisbətən ağırdır. Aşağı bal toplayanlar 150 ballıq 7 yeni ixtisasın daxil edilməsinə arxayınlaşmamalı, seçimlərini xüsusi ehtiyatla etməlidirlər.
Müsahibimiz III ixtisas qrupunda aşağı, orta və yuxarı bal intervallarının hər birində seçimlərə xüsusi diqqət yetirilməli olduğunu qeyd edib. Xüsusilə DT (dil-tarix) altqrupunda balı 300-dən aşağı olan abituriyentlərin seçim edərkən israrçı və ya tərəddüdlü "kapriz" göstərmək şansı olduqca aşağıdır.
IV ixtisas qrupunda isə yüksək bal intervalında (600–700 bal aralığı) olan abituriyentlərin də seçimlərini olduqca həssaslıqla aparması vacibdir.
Zeynəb Rzayeva
Bakı 



