• Bakı 24° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

"F-35-i versələr də, verməsələr də, Türkiyə öz yolu ilə gedəcək" - ŞƏRH

SİYASƏT

08 Iyul 2026 | 15:11

F-35-i versələr də, verməsələr də, Türkiyə öz yolu ilə gedəcək - ŞƏRH

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Fox News telekanalına müsahibəsində rəsmi Vaşinqtonu Türkiyəyə F-35 qırıcıları və reaktiv mühərriklərin verilməməsinə çağırıb.

Baş nazir bəyan edib ki, Ankara rəhbərliyinə F-35 təyyarələrinin və ya reaktiv mühərriklərin verilməsi Yaxın Şərqdə qüvvələr balansını tamamilə poza bilər. İsrailin bölgədəki hava üstünlüyünün qorunmasının vacibliyini vurğulayan Netanyahu, Türkiyənin bu hərbi texnologiyalarla təmin edilməsinin regional təhlükəsizlik arxitekturasına mənfi təsir göstərəcəyini qeyd edib.

İsrail rəhbərliyinin Vaşinqtona ünvanladığı bu kəskin xəbərdarlıq fonunda, iki ölkə arasında hərbi-siyasi sahədə artan gərginlik və Tel-Əvivin Ankaraya qarşı diplomatik-hərbi cəbhə almaq cəhdləri regiondakı prosesləri hansı istiqamətə yönəldəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, İsrailin baş naziri ölkəsinin "vəd olunmuş torpaqları" əldə edəcəyini açıq şəkildə bəyan edib. Ekspertin sözlərinə görə, bu bəyanat Yaxın Şərqdə "Böyük İsrail dövləti" yaratmaq niyyətindən xəbər verir və belə bir hədəfə yalnız regiondakı qonşu dövlətlərin ərazilərini işğal etmək yolu ilə nail olmaq mümkündür:

"Yaxın Şərqdə yaşanan xaos və münaqişələrin mərkəzində birbaşa İsrail dayanır. Vaxtilə Fələstin torpaqları hesabına genişlənən bu dövlət, hazırda Suriya və Livanda "özünü müdafiə" və ya "bufer zonası yaratmaq" bəhanəsi ilə işğalçılıq siyasətini davam etdirir. Əsas məqsəd regional torpaqları mənimsəməklə "Böyük İsrail" layihəsini reallaşdırmaqdır. Bu ambisiyaya çatmaq üçün kütləvi insan qətllərinə əl atılır ki, bunun da ən bariz nümunəsi Qəzzada törədilən soyqırımı aktlarıdır".

Politoloq vurğulayıb ki, rəsmi Ankara regionda baş verən bu proseslərə qarşı heç vaxt biganə qalmır. Türkiyə beynəlxalq kürsülərdən İsrailin aqressiv və hüquqazidd addımlarına kəskin etiraz edir, Tel-Əvivdən beynəlxalq hüquq normalarına tabe olmağı və işğalçılıq siyasətinə son qoymağı tələb edir:

"Bu prinsipial mövqedən narahat olan İsrail rəhbərliyi Türkiyəyə qarşı müxtəlif şantaj metodlarına əl atır. Bu yaxınlarda qondarma erməni soyqırımını tanımaq cəhdləri də məhz Ankaraya təzyiq göstərmək məqsədi daşıyırdı. İsrail Türkiyənin regional gücdən qlobal aktora çevrilməsini həzm edə bilmir. Çünki hazırda Yaxın Şərqdə İsrailin işğalçılığına qarşı ən güclü dirəniş göstərən və real etiraz səsini ucaldan yeganə dövlət məhz Türkiyədir".

Azad Məsiyev: İsrail Türkiyəyə qarşı şantaj metodu ilə davranır

Müsahibimiz qeyd edib ki, Türkiyənin hərbi qüdrətinin artmasını əngəlləmək istəyən İsrail, bu məqsədlə ABŞ-dəki güclü yəhudi lobbisi vasitəsilə Vaşinqtona da təzyiqlər edir. Onlar Ankaranın müasir silah və texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışırlar:

"İsrail baş naziri Netanyahunun ABŞ-yə F-35 qırıcılarını və müasir mühərrikləri Türkiyəyə verməmək çağırışı bu şantaj siyasətinin tərkib hissəsidir. Lakin İsrail bir şeyi unudur: ABŞ bu texnologiyaları versə də, verməsə də, Türkiyə öz müstəqil hərbi və siyasi yolu ilə getməyə davam edəcək. Ankara dünyada və regionda sülhü, ədaləti bərqərar etmək üçün öz hərbi potensialını onsuz da uğurla artırır.

Vaxtilə Türkiyə dronlarının optik sistemlərini Kanadadan alırdı. Ankaranın müstəqil siyasətinə mane olmaq üçün Kanada və ABŞ bu cihazların ixracını dayandırdı. Hesab edirdilər ki, bununla Türkiyə geri addım atacaq. Lakin türk mühəndis və mütəxəssisləri Kanadanın istehsal etdiyindən qat-qat mükəmməl yerli optik cihazları qısa müddətdə ərsəyə gətirdilər. Odur ki, F-35 qırıcılarının və ya müəyyən mühərriklərin verilməməsi Türkiyəni yolundan döndərə bilməz. Türkiyə "Yurdda sülh, cahanda sülh" fəlsəfəsinə uyğun olaraq öz milli təhlükəsizliyini qorumağa və hərbi qüdrətini gücləndirməyə qadirdir. İsrailin şantaj siyasəti bu dəfə də özünü doğrultmayacaq".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026