Uşaqlarda şirniyyata həddindən artıq meyl həm psixoloji, həm də tibbi baxımdan ciddi nəticələrə səbəb ola bilər. Psixoloq və endokrinoloq bu vərdişin yaranma səbəbləri, mümkün fəsadları və qarşısının alınması yolları ilə bağlı fikirlərini Bakıvaxtı.az-a bölüşüblər.
Psixoloq Qətibə Abdullayevanın Bakıvaxtı.az-a dediyinə görə, insan beyni təkamül fəaliyyəti olaraq şirin dadı təhlükəsiz və enerji dolu, acı dadı isə zəhərli kimi kodlaşdırıb. O bildirib ki, ana südünün tərkibindəki laktoza səbəbindən şirin dad uşaq üçün ilk doğulduğu andan ana ilə təmas, sevgi və güvən deməkdir. Bu səbəbdən uşaq şirniyyat axtararkən şüuraltı olaraq həmin ilk güvən hissini axtarır.
Q.Abdullayeva qeyd edib ki, uşaqlar emosional boşluq yaşadıqları zaman şirniyyata daha çox meyl göstərirlər. Stress, darıxmaq, təklik, qorxu və sevgisizlik hiss etdikdə bu neqativ emosiyaları boğmaq üçün şirniyyata yönələ bilirlər. Şirniyyat beyində ani olaraq dopamin ifrazını artırdığı üçün uşaq çətin emosiyalarla baş edə bilməyəndə onu emosional anesteziya kimi istifadə edə bilir.
Müsahibimizin dediyinə görə, cəmiyyətdə ən çox rast gəlinən səhvlərdən biri şirniyyatın mükafat və cəza mexanizmi kimi istifadə olunmasıdır:
""Yeməyini yesən şokolad verəcəyəm", "Dərslərini yaz, dondurma alaq" kimi yanaşmalar uşağın beynində şirniyyatın ali mükafat, əsas yeməklərin isə dözülməli bir əzab olduğu düşüncəsini formalaşdırır. Nəticədə uşaq böyüdükcə hər uğurundan sonra şirniyyat mükafatı gözləməyə başlayır”.
Psixoloq hesab edir ki, şirniyyatın tamamilə qadağan olunması da düzgün deyil. Bu, uşaqda "qadağan olunmuş meyvə sindromu" yaradır və o, valideynin diqqətini çəkmək üçün şirniyyat üstündə mübahisə edə və ya gizli şəkildə şirniyyat yeyə bilər.
O, valideynlərə tövsiyə edir ki, uşaq şirniyyat istədikdə əvvəlcə "Doğrudanmı acsan, yoxsa darıxırsan" sualını versinlər. Əgər uşaq darıxırsa, ona şokolad vermək əvəzinə birlikdə oynamaq, qucaqlamaq və emosional ehtiyacını sevgi ilə qarşılamaq daha doğru yanaşmadır.
Psixoloq onu da vurğulayır ki, valideynlər öz davranışları ilə uşağa nümunə olmalıdırlar. Onun sözlərinə görə, evə çox miqdarda şirniyyat alınmamalı, "gözdən iraq, könüldən uzaq" prinsipinə əməl edilməlidir:
“Uşağın əlində şokolad görməzdən əvvəl onun daxilində hansı boşluğu həmin şokoladla doldurmağa çalışdığını anlamaq lazımdır. Çünki çox vaxt şəkər asılılığının arxasında sevgi, qayğı və qucaqlaşma ehtiyacı dayanır”.
Endokrinoloq Sevinc Əhmədova isə Bakıvaxtı.az-a bildirir ki, uşaqlarda tez-tez şirniyyat qəbulu çox ciddi fəsadlara səbəb ola bilir. Onun sözlərinə görə, ilk növbədə yüksək kalorili şəkərli qidalar artıq çəki və piylənməyə gətirib çıxarır. Bu isə gələcəkdə 2-ci tip şəkərli diabet riskini artırır.
Həkim qeyd edir ki, qan şəkərində baş verən kəskin dəyişikliklər uşaqlarda aqressivlik, əsəbilik və yorğunluq yaradır. Eyni zamanda qidalanma balansı pozulur, uşaqlar meyvə və tərəvəzə marağını itirərək daha çox şirniyyata üstünlük verirlər. Bundan əlavə, şəkərli mühit bakteriyaların inkişafını sürətləndirdiyi üçün diş çürüklərinin yaranmasına da səbəb olur.
Sevinc Əhmədovanın sözlərinə görə, valideynlər şirniyyatı mükafat kimi təqdim etməməlidirlər. Çünki bu, gələcəkdə emosional rahatlığı şirniyyat vasitəsilə təmin etmək vərdişini formalaşdıra bilər.
Endokrinoloq problemin qarşısını almaq üçün valideynlərin ilk növbədə özlərinin sağlam qidalanmalı olduğunu vurğulayır. O bildirir ki, şirniyyatı tam qadağan etmək düzgün deyil, lakin onun verilmə tezliyi və miqdarı azaldılmalıdır. Şəkərli içkilər su ilə əvəz edilməli, paketlənmiş məhsullar əvəzinə ev şəraitində daha sağlam şirin qidalar hazırlanmalıdır. Həkim əlavə edir ki, uşaq bu qaydalara baxmayaraq həddindən artıq şirniyyat qəbul edirsə, mütləq uşaq endokrinoloquna müraciət olunmalıdır.
Zümrüd Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



