ABŞ mövcud məhdudiyyətləri saxlayaraq və yenilərini hazırlayaraq, Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə davam edir.
ABŞ-nin maliyyə nazirinin köməkçisi Conatan Berk bunu Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində bildirib: “Biz (Rusiyaya qarşı-red) sanksiyalarımızın tətbiqinə davam edirik. Onların tətbiqi üçün yeni üsullar müəyyənləşdirməyə davam edirik”.
C.Berk əlavə edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir və sanksiya rejimindəki boşluqlar barədə onlarla məlumatları operativ şəkildə paylaşır. Onun sözlərinə görə, bu, Rusiyanın maliyyə fəaliyyətini məhdudlaşdırmaq üçün görülən tədbirlərin mümkün qədər effektivliyini təmin etmək üçün olunur.
Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a deyib ki, ABŞ-nin Maliyyə Nazirliyinin Rusiyaya qarşı sanksiyaları genişləndirməsi və onların icrasına tam nəzarət etməsi istiqamətində Avropa tərəfdaşları ilə işləyirlər.
Analitik qeyd edib ki, amma göründüyü kimi Rusiya sanksiyalara baxmayaraq, geri çəkilmir:
“ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsinin səbəbi bununla bağlıdır. Düzdür, prezident Donald Tramp Ukrayna məsələsində çox çalışdı ki, Moskva ilə anlaşsın, amma ötən gün Rusiya prezidentinin Ukraynada müharibəni davam etdirəcəyi ilə bağlı qərarını açıqlaması Qərbi narahat edən əsas faktordur. Əgər ABŞ qlobal güc olmaq, hegemonluğunu davam etdirmək istəyirsə, təbii ki, Rusiyanı Ukraynada durdurmalı, sanksiyaları genişləndirməlidir. Ona görə də ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir. Bir növ Rusiyaya qarşı “kökə və kötək” siyasətini aparır”.

Məhəmməd Əsədullazadə: Vaşinqtonun sanksiyaları sərtləşdirməsi Moskvanı çıxılmaz vəziyyətə salır
Siyasi şərhçi hesab edir ki, təzyiqlər Rusiyaya ciddi təsir etməkdədir. Onun sözlərinə görə, Rusiyanın maliyyə gəlirləri azalır, beynəlxalq maliyyə köçürmələrinə tam məhdudiyyət qoyulur. Yəni proses konkret olaraq Rusiyanın əleyhinə işləyir.
“Əgər sanksiyaların xeyri olmasaydı, Rusiyaya indiyədək sanksiya tətbiq olunmazdı. Avropa İttifaqının Ukraynaya 90 milyard dollar vəsait ayırması, digər yandan ABŞ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi Moskvanı çıxılmaz vəziyyətə salır”, - deyə Məhəmməd Əsəsdullazadə qeyd edib.
Aydın Baxış
Bakı 




