"Abzas Media" əməkdaşları barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8, Hafiz Babalı 9, Elnarə Qasımova 8, Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.