Bakının Qaradağ rayonunda əmisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Nəcməddin Şahverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Nəcməddin Şahverdiyev ağır psixi pozuntusu olan şəxs olduğu üçün məcburi müalicəyə göndərilib. O, sağaldıqdan sonra mühakimə olunacaq və barəsində yekun hökm çıxarılacaq. N.Şahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Məlumata görə, 1995-ci il təvəllüdlü Nəcməddin Şahverdiyev şəxsi münasibətlər zəmində yaranan mübahisə zamanı əmisi, 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayıb.
Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.