Mingəçevir Dövlət Universitetinin, həmçinin Turizm və Tibb kolleclərinin yerləşdiyi Mingəçevir tələbə şəhəri kimi tanınır. Lakin şəhərdə fəaliyyət göstərən bu təhsil müəssisələrinin tələbələrini yerləşdirmək üçün yataqxanaları yoxdur. Bu səbəbdən tələbələr tədris ili ərzində kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalırlar.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, xüsusilə tələbələrin mənzil tapmaqda çətinlik çəkdiyi şəhərdə oğlan tələbələrə ev kirayə verməkdən imtina edənlərin sayı çoxluq təşkil edir.
Əmlakçı mütəxəssis İsmayıl Baxşəliyev mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, Mingəçevirdə kirayə bazarının mövcud imkanları tələbatı qarşılamır:

"Artıq xeyli vaxtdır ki, tələbə valideynləri bizimlə daim əlaqə saxlayır və yeni tədris ilində təhsilini davam etdirəcək övladları üçün kirayə mənzil axtarırlar. Tapanlar da var, hələ axtarışda olanlar da. Etiraf etməliyəm ki, sonuncular daha çoxdur. Çünki şəhərdə kirayə mənzil bazarında qıtlıq var. Evlər demək olar ki, yoxdur. Hətta bir çox tələbə 5-6 ay öncədən kirayə məzilin pulunu ödəyir ki sonra işi asan olsun".
İsmayıl Baxşəliyevin sözlərinə görə, qıtlığın başlıca səbəbləri təhsil müəssisələrinin tələbə yataqxanalarına malik olmaması və son illərdə Mingəçevirdə yeni yaşayış binalarının tikilməməsidir.
Məlumata görə, bunu nəzərə alan bəzi imkanlı şəxslər və hətta əmlakçılar satışa çıxarılan evləri alaraq onları kirayəyə verirlər.
Gənc əmlakçı mövcud qıtlıq şəraitində valideyn və tələbələr üçün əlavə bir problemin də yarandığını deyib. Onun sözlərinə görə, bəzi ev sahibləri mənzillərini oğlan tələbələrə kirayə verməkdən imtina edirlər:
"Ev sahibləri mənzillərini oğlan tələbələrə verməkdən boyun qaçırırlar. Səbəb kimi oğlanların mənzildə səliqəsizliyə və natəmizliyə yol verməsini göstərirlər. "Yeyir, içir, çəkir, batırır və nə varsa dağıdırlar", - deyirlər. Əksər hallarda valideynlərin xahişi və israrı səbəbindən mənzil sahibləri qarşısında əmlakçı olaraq özümüz öhdəlik götürür və cavabdehlik daşıyırıq".
Əmlakçının sözlərinə görə, kirayə mənzil qıtlığı yaxın müddətdə daha da arta bilər. Çünki yeni tədris ilində Mingəçevirdəki təhsil müəssisələrinə qəbul olunan gənclər də tezliklə kirayə mənzil axtarışına çıxacaqlar:
"O zaman nələrin baş verəcəyini indidən demək çətindir".
İsmayıl Baxşəliyev hazırda Mingəçevirdə tələbələr üçün mövcud kirayə bazarı barədə də məlumat verib. Onun sözlərinə görə, tələbələr əsasən 3-4, bəzən isə 5 nəfərlik qruplar şəklində mənzil kirayələyirlər. Bir otaqda maksimum üç tələbənin yaşaması nəzərdə tutulur. Ev iki otaqlıdırsa, kirayəçilərin sayı da artır.
Gənclərin yaşadığı ev təhsil aldıqları müəssisəyə yaxındırsa, adambaşına minimum 120 manat kirayə haqqı tələb olunur. Mənzil təhsil müəssisəsindən uzaqda yerləşirsə, qiymətlər adambaşına minimum 80 manatdan başlayır.
Bundan əlavə, kommunal xərclər də kirayə haqqına daxil deyil və ay ərzində bu ödənişlər tələbələrin üzərinə düşür.
Yalnız həyət evlərində kirayəçi tələbələrlə ev sahibinin eyni həyətdə yaşadığı hallarda kommunal ödənişlərlə bağlı müəyyən fərqlər yaranır. Belə evlərdə vahid kommunal sayğacların olması səbəbindən kirayəçi tələbələr də müəyyən əlavə məbləğ ödəməklə kommunal xərclərə ortaq olurlar.
Bəs tələbələr arasında kirayələdikləri mənzildə tək yaşamaq istəyənlər varmı?
İsmayıl Baxşəliyev bu cür hallara vaxtaşırı rast gəlindiyini bildirib:
"Təcrübədə bu istəkdə olan valideyn və tələbələrə vaxtaşırı rast gəlirik. Elə bu yaxınlarda tələbə övladı üçün məhz tək mənzil kirayələmək istəyən bir valideynin işini həll etdik. O, övladı üçün təqdim etdiyimiz aylıq kirayə haqqı 400 manat olan evin kirayəsini və əlavə kommunal xərcləri hər ay özü ödəyəcəyini bildirdi və mənzildə başqa şəxsin yerləşdirilməsinə ehtiyac olmadığını dedi".
Murad İsmayıl




